EN

“Azərbaycanın ECO ilə münasibətləri xüsusi əhəmiyyət daşıyır”

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Azərbaycan son illər regional və beynəlxalq təşkilatlarda fəallığını əhəmiyyətli dərəcədə artırıb. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ilə münasibətləri xüsusi əhəmiyyət daşıyır. ECO 1985-ci ildə İran, Türkiyə və Pakistan tərəfindən təsis edilmiş regional təşkilatdır. Sonradan Azərbaycan da daxil olmaqla bir sıra Orta Asiya və Qafqaz ölkələri bu təşkilata qoşulub. Təşkilatın əsas məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, energetika və mədəniyyət sahələrində əməkdaşlığı gücləndirməkdir. Azərbaycan 1992-ci ildən ECO-ya üzvdür və bu müddət ərzində təşkilatın fəal iştirakçısına çevrilib”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elman Telmanoglu deyib.

E.Telmanoğlu əlavə edib ki, xüsusilə Cənub-Qərb nəqliyyat dəhlizi, Zəngəzur dəhlizinin gələcək perspektivləri, enerji təhlükəsizliyi və yaşıl iqtisadiyyat istiqamətində təklif etdiyi təşəbbüslər Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirib: “Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında diqqətəlayiq məqamlar vardı, Qarabağın bərpasında beynəlxalq əməkdaşlıq çağırışı, Zəngəzur dəhlizinin açılmasının ECO məkanında ticarət və nəqliyyat əlaqələrini radikal şəkildə dəyişə biləcəyi fikri, Yaşıl enerji zonası kimi təqdim olunan Qarabağın və Şərqi Zəngəzurun potensialı barədə detallı məlumat, Türk dünyası ilə inteqrasiya siyasətinin ECO ilə əlaqələndirilməsi cəhdləri. Bu çıxışlar Azərbaycanın artıq yalnız enerji ixracatçısı kimi deyil, həm də regional kommunikasiya qovşağı, logistika mərkəzi və ekoloji təmiz istehsal məkanı kimi təqdim edilməsinə xidmət etdi”.

O vurğulayıb ki, Azərbaycan ECO çərçivəsində təkcə iqtisadi deyil, həm də siyasi mesajlar verir: “Bu təşkilat vasitəsilə Azərbaycan Qərb və Şərq arasındakı körpü funksiyasını qabardır, Ermənistanla sülh prosesi fonunda öz konstruktiv mövqeyini vurğulayır, Türk Dövlətləri Təşkilatı (TDT), Qoşulmama Hərəkatı və ECO arasında strateji sinerji yaratmaq istiqamətində təşəbbüslər irəli sürür”.

Politoloqun bildirdiyinə görə, Azərbaycanın 2020-ci ildən sonra artan regional təsir imkanları, onun ECO daxilində söz sahibi olmasına şərait yaradır: “Xüsusilə Orta Dəhlizin genişləndirilməsi və Azərbaycan-Türkiyə-Türkmənistan üçbucağının dərinləşməsi bu siyasətin əsas sütunları sırasındadır. Nəticədə isə ECO-nun XVII Zirvə görüşü Azərbaycanın bu təşkilat daxilində artan nüfuzunu bir daha təsdiqləyir. Azərbaycan bu platformadan təkcə iqtisadi dividendlər əldə etmək deyil, həm də beynəlxalq imicini gücləndirmək, strateji təşəbbüslər irəli sürmək və regional inteqrasiyanı təşviq etmək üçün uğurla istifadə edir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın gələcəkdə də ECO və digər beynəlxalq təşkilatlar daxilində aparıcı mövqelər tutacağından xəbər verir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
35
icma.az

10Sources