EN

"İsrailin tarixi addımı: Hökumət İudeya və Samariyada suverenliyi rəsmiləşdirməyə hazırlaşır" - İsrail mətbuatı

"Netanyahunun Vaşinqton səfəri ərəfəsində "Likud" partiyası ABŞ dəstəyindən istifadə edərək ilhaqa start vermək istəyir..."

İsrail növbəti dəfə ölkənin gələcəyini dəyişə biləcək bir qərarın astanasındadır. Baş nazir Benyamin Netanyahunun Vaşinqtona - ABŞ prezidenti Donald Trampla görüşə hazırlaşdığı günlərdə onun partiyası "Likud"un yüksək vəzifəli deputatları və nazirləri baş nazirə rəsmi məktub ünvanlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

Məlumatda deyilir ki, məktubda Netanyahudan İudeya və Samariya ərazilərinə İsrailin suverenliyini "təcili və qəti şəkildə yayması" tələb olunur. Deputatlar bu addımın 27 iyula qədər - Knessetin yay sessiyası bitənədək atılmalı olduğunu bildirir.

Nazirlər və Knesset sədri Amir Ohana tərəfindən imzalanan müraciətdə deyilir: "İran və onun peyklərinə qarşı əldə edilmiş tarixi qələbədən sonra biz işimizi sona çatdırmalı, İsrailin daxili varlıq təhlükəsini aradan qaldırmalı və ölkənin mərkəzində yeni faciələrin qarşısını almalıyıq".

"Likud" nazirləri bu qərarın verilməsi üçün ABŞ prezidenti Donald Trampın yaratdığı siyasi şəraitin unikal fürsət olduğunu vurğulayır və Netanyahunun bu prosesi rəhbərliyi altında dərhal başlamalı olduğunu bildirir.

Suverenlik çağırışı: koalisiyada tam dəstək

İdeyanın ən fəal tərəfdarlarından biri, həm maliyyə naziri, həm də müdafiə nazirliyində yüksək vəzifə tutan "Dini Sionizm" partiyasının lideri Betsalel Smotriçdir. O, "X" sosial şəbəkəsində yazıb: "İsrailin problemlərinə real cavab suverenlikdir. Baş nazir əmr verdiyi an mənim rəhbərlik etdiyim Mülki İdarə tətbiqə başlamağa tam hazır olacaq".

Bu çağırışa Maale-Adumim şəhərinin meri Qay İfrah da qoşulub: "Likud nazirlərinin baş nazirə ünvanladığı məktubu dəstəkləyirəm. İudeya və Samariyada yerləşən bütün yaşayış məntəqələrinə İsrailin suverenliyinin yayılması zəruri və sionist bir çağırışdır".

Koalisiya sazişində "Likud" və "Dini Sionizm" partiyaları artıq bu məsələni razılaşdırıb. Sənəddə bildirilir ki, baş nazir Netanyahu "İudeya və Samariyada İsrailin suverenliyinin tətbiqini təşviq edəcək, uyğun vaxtı və dövlətin milli və beynəlxalq maraqlarını nəzərə alaraq addım atacaq".

Netanyahu bu məsələni ABŞ prezidenti Trampla hələ 2019-cu ildən müzakirə etməyə başlayıb. Onun dediyinə görə, bu danışıqlar nəticəsində "anlayış və dəstək" əldə edilib. Lakin hüquqi statusu rəsmiləşdirən qərar illərdir təxirə salınıb. İndi isə, görünür, həm daxili siyasi konsensus, həm də Trampın qəti dəstəyi ilə həmin "uyğun vaxt" yetişib.

İudeya və Samariya: Statistika və ərazi haqqında qısa məlumat

İudeya və Samariya bölgəsi İsrailin yeddi inzibati dairəsindən biridir. İsrailin Mərkəzi Statistika Bürosunun məlumatına görə, əhalisi təxminən 478 min nəfər təşkil edir. Əraziyə 17 yerli və 6 regional şura daxildir. Ən böyük şəhərlər - Ariel, Beytar-İlit, Modiin-İlit və Maale-Adumim sayılır.

Bu ərazilər 1967-ci ilin Altıgünlük Müharibəsindən sonra İsrailin nəzarətinə keçib və son illərdə burada yəhudi məskunlaşması genişlənməkdədir. Beynəlxalq hüquqa görə bu torpaqların statusu mübahisəlidir, lakin Netanyahunun liderliyindəki sağçı hökumət bu əraziləri İsrailin tərkib hissəsi kimi tanımaq niyyətini açıq şəkildə ortaya qoyur.

Bu addım İsrailin Yaxın Şərqdəki mövqeyini həm gücləndirə, həm də regionda gərginliyi artıraraq beynəlxalq reaksiyalara səbəb ola bilər. Amma görünən odur ki, Netanyahu və onun siyasi komandası artıq qərarını verib.

Chosen
52
50
moderator.az

10Sources