Ortaq mənəvi dəyərlər, iqtisadi əməkdaşlıq əsasında inkişaf edən Azərbaycan –Özbəkistan qardaşlığı Qlobal Cənubda siyasi sabitliyin də etibarlı qarantıdır
Azərbaycanın siyasi, iqtisadi, diplomatik tərəfdaşları arasında milli-mənəvi dəyərləri oxşar olan Özbəkistanla münasibətləri qarşılıqlı anlaşma şəraitində davam edir. İki ölkə arasındakı ikitərəfli, beynəlxalq təşkilatlar çərçivəsində , müxtəlif platformalarda çoxtərəfli münasibətlər qarşılıqlı etimad əsasında möhkəmlənir. Türk Dövlətləri Təşkilatının üvü olan Azərbaycanla Özbəkistanı qırılmaz tellərlə birləşdirən tarixi əlaqələr dövlət səviyyəsində olduğu kimi, xalqlarımız arasında da humanizm prinispləri əsasında möhkəmlənir. Türk dünyasının siyasi, iqtisadi cəhətdən inkişaf etmiş ölkələri olan hər iki dövlət arasında formalaşdırılan komissiyalar arasında genişlənən əlaqələr sayəsində iqtisadi-ticarət, investisiya tərəfdaşlığı genişlənir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması iki ölkənin sərmayə əməkdaşlığının, işgüzar dairələr arasında dialoqun inkişafına yeni təkan verir.
İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirzizoyevin Azərbaycana dövlət səfəri qardaşlığın, qarşılıqlı əməkdaşlığın daha bir səhifəsidir. Özbəkistan Prezidenti ilə dövlət başçımız İlham Əliyev arasında keçirilən görüşlər, mətbuata birgə bəyanatlar, yeni layihələrlə bağlı aparılan müzakirələr qarşılıqlı etimadın reallığıdır.
İyulun 2-də prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin mətbuata bəyanatlarında qeyd olunduğu kimi, Daşkənddə Müttəfiqlik münasibətləri haqqında imzalanan Müqavilə, birgə həyata keçirilən layihələr qardaş ölkələrin iqtisadi inkişafına yönəldilmiş səylərin nəticəsidir. «Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edilib. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq» sözləri ilə əməkdaşlığın inkişaf istiqamətlərini göstərən Prezident İlham Əliyev bütün sahələri əhatə edən əlaqələrin perspektivlərini də açıqlayıb.
Vurğulandığı kimi, Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş infrastrukturun yaradılması nəqliyyat-logistika sahəsini əhatə edən önəmli layihələrdəndir. Komissiyalar arasında aparalan danışıqlarda çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə beynəlxalq əhəmiyyətli dialoqlar dünyada baş verən hadisələr, regional əhəmiyyət baxımından təhlil edilir. Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə birgə əməkdaşlıq, kənd təsərrüfatı, ilk növbədə, pambıqçılıq və ipəkçiliklə bağlı layihələr inkişaf etdirilir. Səfər çərçivəsində kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaraadılması ilə bağlı layihələrin aktuallaşdırılması ölkələrarası iqtisadi əməkdaşlıq üçün əlavə stimul yaradır. Özbəkistanın qardaşlıq töhfəsi olan Ermənistanın işğalından azad edilən Füzulidə inşa olunan orta məktəbdən sonra ikinci mühüm layihə kimi Xankəndi şəhərindəki tikiş fabrikinin istifadəyə verilməsi qarşılıqlı münasibətlərin, dost yardımının ifadəsidir. «Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk» söyləyən Prezident İlham Əliyev təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dostluğun tarixi məqamlarını da xatırladıb. Prezident İlham Əliyevin Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında söylədiyi « Bu yer Heydər Əlirza oğlu tərəfindən ayrılıb, şəhərin mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə, eyni zonada, amma ən azı iki onillik, yox, bir qədər az müddətdə, sadəcə, orada boş qalıb, düzünü deyim ki, bu yer üçün çoxlu «ovçular»” olub. Mənə dəfələrlə dedilər ki, görürsən, Özbəkistan səfirlik tikmir, yer yaxşıdır, layihə budur. Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib» sözləri, «Özbəkistan»” parkının təməlinin qoyulması qardaşlıq münasibətlərimizin təzahürüdür.
Ölkəmizə növbəti səfərini tarixi və əlamətdar hadisə adlandıran Özbəkistan Prezidenti Şavkat Mirziyoyev görüşlərdə , danışıqlarda beynəlxalq, regional, ikitərəfli, həssas məsələlərin müzakirəsini əməkdaşlığın qarşıdakı illər üçün proqram adlandıraraq bildirdi ki, ciddi məsələlər üzrə fikirlərimizin üst-üstə düşməsi, mövqelərimizin eyniliyi, energetika, nəqliyyat kommunikasiyaları, dağ-mədən sənayesi ilə bağlı müzakirələr, fikir mübadiləsi hədəflərin yaxınlığını göstərir. Gələcək üçün çox böyük iddialı proqramların birgə həllinin yollarının müttəfiqlikdən qaynaqlandığı bəlli olur.
« Biz birlikdə irəliləyirik!» sözləri ilə bu yolda heç bir maneənin olmayacağını əminiliklə ifadə edən Özbəkistan Prezidenti səfər çərçivəsində imzalanan sənədlərin reallaşması ilə daha böyük uğurlara nail olunacağını əminliklə bildirdi.
Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasında söylənilənlər bu əminliyin qarantı kim daha böyük ümidlərin gerçəkləşəcəyini təsdiqlədi. Səfər iki ölkə arasında qardaşlıq münasibətlərinin yeni səhifəsi adlandırıldı. Oxşar tarixə, mədəniyyətə, ortaq dilə və etnik yaxınlığa malik hər iki ölkənin uğurlarında Dövlətlərarası Şuranın fəaliyyəti yüksək dəyərləndirildi, müttəfiqlik diplomatiyasının, yaxın qonşuluq münasibətlərinini davamlı olacağı əminliklə vurğulandı.
Ötən ilin noyabrında ölkəmizdə keçirilən COP29 çərçivəsində regional və transregional səviyyəli, beynəlxalq əhəmiyyətli uğurlardan olan Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizi boyunca bərpa olunan enerjinin inkişafı və ötürülməsi ilə bağlı Sazişin imzalanmasından sonra reallaşan bu görüşlərdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, həlli vacib məsələlərin həlli ilə iki qardaş ölkə arasındakı münasibətlər daha da genişlənəcək. Ortaq dəyərlər, qarşılıqlı hörmət və özünü tarixi uğurları ilə təsdiqləyən siyasi iradə sayəsində möhkəmlənən müttəfiqlik gələcəkdə də bütün sahələri əhatə edəcək. Bu münasibətlər hər iki xalqın rifahına, regionda sülhə, sabitliyə və inkişaf proseslərinə xidmət edəcək”.
Xuraman İsmayılqı, "İki sahil"