"Ötən ilin dekabr ayının sonlarında AZAL-ın sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycan və Rusiya prezidentləri arasında iki dəfə telefon danışığı oldu. Azərbaycan Prezidenti İlham Əliyev ikinci telefon danışığından sonra rəsmi Bakının Moskvadan haqlı gözləntilərini açıq şəkildə bəyan etdi və tələbində israrlı olduğunu göstərdi.
Bundan sonra Bakı-Moskva xəttində təmas olmadı". Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Ayna.az-a belə deyib. Politoloq deyib ki, ancaq mart ayında Rusiya Prezidenti Vladimir Putinin kabinetində Belarus və Tacikistan liderləri birlikdə Azərbaycan Prezidentinə zəng etdilər və Moskvada keçiriləcək 9 may Qələbə Günü ilə bağlı tədbirə dəvət etdilər: "Bu dövr ərzində Rusiya tərəfindən Azərbaycana qarşı ikitirəli addımlar atıldı. Birinci istiqamətdəki konstruktiv addımlar idi. Söhbət Azərbaycanın Ümummilli lideri Heydər Əliyevə Moskvada heykəl qoyulması üçün yerin verilməsindən, Moskvanın və bütün Rusiyanın patriarxının Bakıya səfərindən, Rusiya Federasiya Şurası rəhbərinin Bakıya gəlişindən, xoş bəyanatlardan, iqtisadi münasibətlərin davam etməsindən gedir. Amma digər tərəfdən Rusiyadan kiberhücumlar edildi, Milli Məclisin deputatı Azər Badamovun Rusiyaya buraxılmaması hadisələri oldu. Azərbaycan tərəfi də bu istiqamətdə cavab addımlarını atdı. Konstruktiv addımlara konstruktiv şəkildə cavab verildi, rus rəsmilər ölkəmizdə yüksək səviyyədə qəbul edildi. Rusiyanın qeyri-konstruktiv addımlarına cavab isə Bakıdakı "Rus evi"nin bağlanması, "Sputnik"in fəaliyyətinin məhdudlaşdırılması ilə cavab verildi. Bakıda gözləntilər vardı ki, Rusiya konstruktiv dialoqda maraqlı olduğunu nümayiş etdirəcək, təyyarə qəzası ilə bağlı tələbləri yerinə yetirəcək. 9 maydan sonra isə iki ölkə arasında siyasi dialoqda durğunluq yarandı".
Fərhad Məmmədov
F.Məmmədov deyib ki, bundan sonra da Azərbaycanın gözləntilərinin əksi baş verdi: "Hesab edirəm ki, Yekaterinburqdakı hadisə xüsusi şəkildə planlaşdırılmış hadisədir. Əvvəl bildirdilər ki, bu, Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməliyyatıdır. Maraqlıdır, nə vaxtdan FTX 25 il bundan əvvəl törədilən cinayətlə məşğul olur? Daha sonra bildirildi ki, OMON, polis tərəfindən həyata keçirilib. Əslində isə bu, Rusiya tərəfindən planlaşdırılmış əməliyyatdır ki, bununla mesaj vermək istədilər".
"Sizcə, Rusiya Azərbaycandan nə istəyir" sualına politoloq belə cavab verib: "Rusiyanın postsovet, xüsusilə də qonşu dövlətlərindən ümumi gözləntiləri var. Bu gözləntilər də ondan ibarətdir ki, həmin ölkələrin ərazilərindən Rusiyaya qarşı istifadə olunmasın. Bu istəklərə Avropa İttifaqına qoşulmamaq, ittifaqla assosiativ müqavilənin imzalanmaması, NATO-ya üzvlüklə bağlı prosedur daxildir. Rusiya bu məsələlərdə özünə təhlükə görür. Prezident Vladimir Putin dəfələrlə deyib ki, Rusiya ilə xoş davranış üçün ölkələr müstəqil olmalıdır və öz ərazilərindən Rusiyaya qarşı istifadəyə imkan verməməlidir. Məlumdur ki, Azərbaycanın Avropa İttifaqına qoşulmaq niyyəti yoxdur və bunda bizim öz səbəblərimiz var. Azərbaycanın NATO üzvü olmaq planı da yoxdur. Biz NATO üzvü olan qardaş Türkiyə ilə təhlükəsizliklə bağlı Şuşa Bəyannaməsi imzalamışıq. Həmçinin Azərbaycan NATO-nu Xəzər hövzəsinə dəvət etmir. Bunları ona görə deyirəm ki, biz Rusiyanın öz qonşularından olan gözləntilərinə cavab veririk. Bilirsiniz, bütün böyük dövlətlər belə davranır. Məsələn, Meksika Çinlə hərbi ittifaq qura bilər? Buna ABŞ-ın reaksiyasını təsəvvür etmək olar. Yəni bütün böyük dövlətlərin qonşularından gözləntisi var ki, biz Rusiyanın gözləntilərinə cavab veririk. Müstəqil siyasət həyata keçiririk, ərazimizdən Rusiyaya qarşı istifadəyə imkan tanımırıq. Məsələ burasındadır ki, Moskva üçün ən proqnozlaşdırılan ölkə məhz Azərbaycandır. Dünya sisteminə baxışda belə Moskva ilə Bakının baxışında üst-üstə düşən məqamlar daha çoxdur, nəinki fikir ayrılığı var. Ola bilər ki, Rusiya Bakının Ukrayna ilə bağlı mövqeyini bəyənmir. Amma bu mövqe Rusiya üçün sürpriz sayılmır. Azərbaycan ərazi bütövlüyü prinsipinə sadiqdir. Ona görə də Yekaterinburqdakı hadisə müəmmalıdır. Azərbaycan Rusiyanın gözləntilərinə qarşı hansısa addım atmayıb ki, Moskva təzyiq mexanizmlərini işə salır, mesajlar verir".