EN

İƏT Xankəndiyə toplaşır: Azərbaycan bir daha regionda öz liderliyini təsdiqləyir

Bu gün Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısı keçiriləcək. Bu mühüm toplantının üçüncü dəfə Azərbaycanda keçirilməsi, ölkənin regionun dövlətləri arasında nəqliyyat, logistika və enerji əlaqələrinin strateji mərkəzi kimi artan rolunu bir daha təsdiqləyir. Sammit iqtisadi inteqrasiyanın və İƏT üzv-dövlətləri arasında siyasi qarşılıqlı-fəaliyyətin daha da dərinləşdirilməsi istiqamətində vacib dönüş nöqtəsi olacaq.

Sammitdə İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları, nazirlər, müşahidəçilər, təşkilata üzv olmayan ölkələrdən xüsusi qonaqlar, eləcə də beynəlxalq qurumların rəhbərləri bir araya gələcəklər. Görüşün başlıca məqsədi iqtisadi inteqrasiyanın gücləndirilməsi vasitəsilə regionun dayanıqlı inkişafına və rifahına nail olmaq üçün birgə həllərin hazırlanmasıdır. Bu, xüsusilə qlobal geosiyasi qeyri-sabitlik fonunda daha da aktuallaşır.

İƏT həftəsi qarşılıqlı fəaliyyətin miqyasının göstəricisi kimi

Hazırki zirvə toplantısının əsas özəlliyi Azərbaycanda genişmiqyaslı və inklüziv İƏT həftəsinin keçirilməsi olub. İƏT həftəsi çərçivəsində aşağıdakı tədbirlər təşkil olunub:

  • Iyulun 1-də Ağdamda İƏT Gənclər Forumu
  • Iyulun 2-də Laçında İƏT Qadın Forumu
  • İyulun 2-də biznes-liderlər və investorların iştirakı ilə Füzulidə 6-cı İƏT Biznes Forumu

İƏT-in Baş katibi Əsəd Məcid Xan Trend-ə müsahibəsində bildirmişdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və liderliyi ilə bu il ilk dəfə olaraq maraqlı tərəflərin geniş tərkibli iştirakı ilə İƏT çərçivəsində tədbirlər həftəsi keçirilir. "Bütün bu tədbirlər qarşıdakı onillik üçün İƏT-in ümumi inkişaf strategiyasının formalaşdırılmasına hədəflənib", - deyə o vurğulayıb.

Azərbaycan - strateji nəqliyyat-enerji qovşağı

Əsəd Məcid Xan həmçinin bildirib ki, Azərbaycan hər zaman təşkilatın fəaliyyətində vacib və aktiv rol oynayıb. Hazırki zirvə-toplantısı çərçivəsində İƏT təmiz enerji Mərkəzinin rəsmi şəkildə işə salınması planlaşdırılır - bu qurum bir sıra üzv-dövlətlər tərəfindən təsdiqlənərək, ratifikasiya olunub.

"Bu, sammitə xüsusi əhəmiyyət qazandıracaq", - deyə o vurğulayıb, "xüsusilə liderlərin bir araya gəlib fikir mübadiləsi aparması və İƏT-in gələcək istiqamətlərini müəyyənləşdirməsi zərurəti yaradan, regionda gedən ciddi geosiyasi transformasiyalar fonunda".

Təşkilat Cənub və Mərkəzi Asiya, Yaxın Şərq regionlarının 10 ölkəsini birləşdirərək geniş iqtisadi və demoqrafik potensialı əhatə edir. Azərbaycan 1992-ci ildən İƏT-in tamhüquqlu üzvü olmaqla, Cənubi Qafqaz regionunda unikal geostrateji mövqeyinə əsasən, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək üzv ölkələr arasında bağlayıcı halqa rolunu oynayır.

Xüsusilə aşağıdakı əsas infrastruktur layihələri qeyd olunmalıdır:

  • Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti, ölkənin Şərqlə Qərb arasında nəqliyyat körpüsü kimi rolunu gücləndirərək Avropa bazarlarına etibarlı quru çıxışı təmin edir;
  • Transanadolu qaz kəməri (TANAP) və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Azərbaycanın enerji təhlükəsizliyi və qaz ixracı sahəsində mövqelərini möhkəmləndirir;
  • Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər regionunun əsas logistik qovşağına çevrilməsinə səbəb olur.

Bütün bu layihələr Azərbaycanın İƏT-dəki mövqeyini gücləndirməkdən savayı, həm də Avrasiya məkanında nəqliyyat-enerji infrastrukturunun inkişafına əhəmiyyətli töhfə vermiş olur.

Xüsusi əhəmiyyət daşıyan Orta dəhlizin inkişafıdır - bu dəhliz Azərbaycan üzərindən keçərək Çin və Avropanı birləşdirir. Eyni zamanda, Xəzər Yaşıl Enerji Dəhlizinın formalaşdırılması istiqamətində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əməkdaşlıq aparılır. Bu dəhliz vasitəsilə yaşıl enerjinin daşınması və iqlim məqsədlərinə nail olunması hədəflənir.

Bundan başqa, Lapis Lazuli layihəsi çərçivəsində Əfqanıstanın Herat vilayətində yerləşən Torqundi şəhərindən Türkmənistanın Aşqabad şəhərinə, oradan Türkmənbaşı limanı vasitəsilə Azərbaycanın Ələt limanına, Tbilisi və Ankaraya, ordan isə Poti, Batumi və İstanbula uzanan nəqliyyat dəhlizi yaradılır. Beləcə, Azərbaycan bu çoxşaxəli marşrutun ayrılmaz hissəsinə çevrilərək, Mərkəzi Asiya ölkələri üçün Avropa bazarlarına çıxışı təmin edir.

Azərbaycanın İƏT-ə sədrliyinin yekunları

Qeyd etmək lazımdır ki, Azərbaycanın 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə əsas istiqamətlər üzrə nəzərəçarpacaq irəliləyiş əldə olunub. Belə ki, Bakıda İƏT-in Gömrük Xidməti Rəhbərləri Şurasının 9-cu iclası keçirilib və burada bir sıra məsələlər üzrə irəliləyişə nail olunub, o cümlədən aşağıda qeyd olunan istiqamətlərdə:

- İƏT çərçivəsində qaçaqmalçılıqla və gömrük qayda pozuntuları ilə mübarizə üzrə Məlumat Bazası layihəsinin işə salınmasına hazırlıq

- Elektron məlumat mübadiləsi sistemi (EDI) layihəsinin hazırlanması;

- Gömrük sahəsində qarşılıqlı inzibati yardım haqqında Sazişin yekunlaşdırılması;

- Gömrük əməkdaşlığı sahəsində potensialın artırılmasına olan ehtiyaclarının müəyyənləşdirilməsi.

Ticarət dövriyyəsinin əhəmiyyətli artımı

Azərbaycanın İƏT-ə üzv dövlətlərlə əməkdaşlığının səmərəliliyinin vacib göstəricilərindən biri ticarət dövriyyəsinin artımıdır. Cari ilin yanvar-may aylarında Azərbaycan ilə İƏT-ə üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3,547 milyard ABŞ dolları təşkil edib.

Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 328 milyon ABŞ dolları və ya 10,2% çoxdur. Belə ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3 milyard 219 milyon ABŞ dolları təşkil edib.

Aşağıdakı cədvəldə cari ilin yanvar-may aylarında Azərbaycan ilə İƏT-ə üzv ölkələr arasında aparılmış ticarət əməliyyatlarının həcmi min ABŞ dolları ilə göstərilmişdir.

İƏT üzv dövlətlər

İxrac

İdxal Dövriyyə

Türkiyə

1 431 525

1 012 771

2 444 296

Özbəkistan

19 661

195 151

214 812

Qazaxıstan

45 019

422 616

467 635

Qırğızıstan

2 965

14 953

17 918

Türkmənistan

19 224

99 256

118 480

Tacikistan

6 005

533

6 538

Pakistan

3

14 446

14 449

Əfqanıstan

5 341

106

5 447

İran

6 087

251 878

257 965

Cəmi

   

3 547 540

Xüsusilə qeyd edilməlidir ki, cari ilin hesabat dövründə Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkələr arasında İƏT-ə üzv yalnız bir ölkə - Türkiyə yer alıb. Bu dövrdə Türkiyəyə 34,8 min ton xam neft ixrac olunub və bunun dəyəri 16,9 milyon ABŞ dolları təşkil edib.

Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi əsas ölkələr arasında isə üç İƏT üzvü - Türkiyə, Qazaxıstan və Özbəkistan öndə olub. Belə ki, Türkiyəyə 251,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları, Qazaxıstana 44,8 milyon ABŞ dolları, Özbəkistana isə 19,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Bu əhəmiyyətli ticarət dövriyyəsi Azərbaycanın İƏT tərəfdaşları ilə iqtisadi əlaqələrinin dinamik inkişafını təsdiqləyir.

Beləliklə, Xankəndidə keçirilən İƏT Sammiti regionda iqtisadi əməkdaşlığın inkişafında yeni bir səhifə açır və Azərbaycanın nəqliyyat, enerji və logistika dəhlizləri baxımından strateji mərkəz kimi mövqeyini daha da möhkəmləndirir. Sammitin və İƏT Həftəsinin keçirilməsi təşkilata üzv ölkələrin birgə firavan, bir-biri ilə sıx bağlı və dayanıqlı gələcək qurmaq qətiyyətini nümayiş etdirir və Azərbaycan bu gələcəkdə əsas rollardan birini oynayır.

Chosen
2
17
day.az

4Sources