EN

Rusiya keçmişə qayıdır?: Yeni imperiya planı, köhnə vəhşiliklər

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Görünən odur ki, Rusiya tarixdən dərs çıxarmaq əvəzinə, onu təkrar oynamağa çalışır.

SSRİ-nin dağılmasından sonra yaranmış yeni reallıqları qəbul edə bilməyən Kreml bu gün fərqli yollarla keçmişi bərpa etməyə cəhd göstərir. Ukraynada baş verən müharibə, Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən xüsusi əməliyyat və Azərbaycanın sərnişin təyyarəsinin hədəfə alınması bir-birindən qopuq yox, bir məqsədin davamı kimi görünür: Sovet imperiyasının qalıqlarını toplayaraq yeni təzyiq zonası yaratmaq.

Amma bu dəfə oyun fərqlidir. İndi qarşılarında susan, boyun əyən xalqlar yox, kimliyini və müstəqilliyini qorumağa çalışan dövlətlər var. Və bu dövlətlərdən biri də Azərbaycandır.

Məsələ ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirib ki, son illər baş verən hadisələr bir-birindən ayrı görünə bilər, amma diqqətlə baxdıqda onların vahid bir siyasi planın tərkib hissəsi olduğu aydın görünür:

"Rusiya təkcə qonşularına qarşı təzyiq göstərmir. Onlar açıq şəkildə Sovet İttifaqını bərpa etmək niyyətindədir. Ukraynadakı müharibə bu planın ilk mərhələsi idi. Ardınca digər postsovet ölkələrindəki etnik azlıqlara və siyasi proseslərə müdaxilə gəldi. Rusiya 2014-cü ildən bu yana Ukraynanın ərazi bütövlüyünə qarşı kobud müdaxilə edir. Krımın ilhaqı, Donbasdakı separatçılara verilən dəstək və nəhayət, 2022-ci ildən başlayan genişmiqyaslı müharibə – bunlar hamısı Rusiyanın SSRİ dönəminə qayıtmaq cəhdidir. Bu gün Ukrayna ərazisində aparılan hərbi əməliyyatlar sadəcə torpaq iddiası deyil, siyasi və tarixi revanşizmin təzahürüdür".

Asim Mollazadə: Tarix boyu başımıza gələnlər təsadüfi deyildi

Partiya sədrinin sözlərinə görə, bu imperiya iddiaları təkcə xarici siyasətlə məhdudlaşmır. Rusiya daxilində yaşayan qeyri-rus xalqlara da açıq təzyiqlər göstərilir. Son günlərdə Yekaterinburq şəhərində azərbaycanlılara qarşı FTB tərəfindən keçirilən xüsusi əməliyyat bunu bir daha sübut etdi. İnsanların ailələrinin gözü önündə zorakılığa məruz qalması, hüququn deyil, gücün işlədilməsi artıq təsadüf deyil. Əgər əvvəllər bu tip hücumlar millətçi qruplar və ya “təsadüfi” qəzalar kimi təqdim olunurdusa, bu dəfə birbaşa dövlətin hüquq-mühafizə orqanları hərəkətə keçib. Bu, etnik təmizləmə niyyətindən başqa bir şey deyil:

"Azərbaycanın sərnişin təyyarəsinin vurulması da bu kontekstdən ayrı deyil. Hadisə nəticəsində onlarla günahsız insan həyatını itirdi, amma bu günə qədər bu faciəyə nə hüquqi, nə də siyasi cavab verildi. Susqunluq, ört-basdır, yalançı “təəssüf ifadələri” bu hadisəni unutdurmağa xidmət etdi. Amma bu xalq unutmur.  Azərbaycan cəmiyyəti və dövləti bu hadisələrin arxasında hansı məntiqin dayandığını artıq açıq şəkildə görməlidir. Bu, təkcə bir neçə şəxsin kobud davranışı deyil – bu, bir dövlətin içindəki imperiya zehniyyətinin planlı hərəkətidir. Bizim vətəndaşlarımız döyülür, qətlə yetirilir, təhqir olunur. Buna susmaq – sabahkı faciələrə zəmin yaratmaqdır. Tarix boyu başımıza gələnlər təsadüfi deyildi".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
50
bakivaxti.az

10Sources