“Balakhani Operating Company LTD” tərəfindən təşkil edilən “Əkinçi” Dövrünün Neft Hekayələri” adlı tədbirdə Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi qeyd edilib.
BAKU.NEWS xəbər verir ki, neft tariximizin beşiyi hesab edilən Balaxanıda ölkənin aparıcı KİV-lərinin nümayəndələri Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat tariximizdə neft sənayesi izlərini nəzərdən keçiriblər.
“Balakhani Operating Company LTD”-in prezidenti Rövşən Rzayev çıxışında bildirib ki, Milli mətbuatın yaranması bir xalq üçün onun milli şüurunun formalaşması, öz kimliyi və ictimai-siyasi mövcudluğunu anlaması baxımdan təməl nöqtələrindən biridir. Neft mövzusu Zərdabinin “Əkinçi”sindən bu günə qədər Azərbaycan mətbuatının əsas hekayələrindən biri kimi qalmaqdadır: “Tarixi mətbuat səhifələrini vərəqləsək, görərik ki, strateji resurs kimi Abşeron nefti hələ 19-cu əsrin sonlarında diqqət mərkəzində idi. Rusiya İmperiyasının qəzetləri Bakının çar iqtisadiyyatı üçün əhəmiyyətindən yazır, onu nəzarətdə saxlamağa çağırırdılar. Qərb qəzetləri isə Qafqazı “Wild East”- “Vəhşi Şərq” adlandıraraq burada səngiməyən neft mübarizəsi və inqilabları heyranlıqla işıqlandırır, Bakını “Qara Qızıl Paytaxtı” kimi tanıdırdılar.
Amerika nefti ilə Bakı nefti arasındakı rəqabət, Bakıda neft emal edən zavodların tikilməsi, yerli sakinlərin tez bir zamanda varlanmaq üçün hər şeylərini satıb Sabunçu ərazisində torpaq almağa can atmaları “Əkinçi” qəzetinin mövzularına çevrilirdi. “Bakinskiye izvestiya” isə öz səhifələrində Balaxanıda fəhlələr üçün yaradılan şəraitlə maraqlanırdı. O cümlədən, Balaxanı-Sabunçu fəhlələri və onların övladları üçün məktəblərin təsis edilməsi, mədənlərdə kitabxana və qiraətxanaların açılması, fəhlələrin maariflənməsi üçün teatr tamaşalarının təşkili, mədənlərdə feldşerli təcili yardım otaqlarının fəaliyyətindən yazırdı”.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, millət vəkili Vüqar Rəhimzadə isə yeni müstəqillik dövrümüzün mətbuat tarixi barədə söhbət açıb. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra mətbuatın cəmiyyəti formalaşdırması imkanlarını dəqiq görərək, KİV-lərin maddi-texniki bazasının və ölkədə söz azadlığının qanunverici əsasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirdi. Medianın səfərbəredici rolunu yüksək dəyərləndirən Ümummilli Lider mətbuatın və jurnalistlərin dövlət quruculuğunda öz missiyasının olduğunu daim vurğulayır, media vasitəsi ilə Azərbaycan xalqı ilə açıq söhbət qururdu: “Onun idarəçilik məktəbi və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev milli mətbuata dövlət qayğısının miqyasını daha da genişləndirib. Milli mətbuatımızın yubiley illərinin dövlət səviyyəsində qeyd olunması artıq ənənə şəklini alıb. Tarixi irsimizi yaşatmaqla yanaşı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşməsi” haqqında fərmanına əsasən yaradılan Medianın İnkişaf Agentliyi sürətlə dəyişən informasiya texnologiyaları dünyasında milli mətbuatımızı daha da hazırlıqlı etməkdədir”.
ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva isə, müasir cəmiyyətdə media savadlılığının artırılması zərurətinə diqqət çəkib. O, bildirib ki, informasiya texnologiyalarının inkişafı medianın təsir gücünü elə həlledici dərəcəyə çatdırıb ki, mətbuatın istehsal etdiyi məlumat hər bir fərdin öz həyatı, çevrəsi, xalqı, ölkəsi barədə rəyini bilavasitə formalaşdırmaqdadır: “Cəmiyyətə məlumatın çatdırılmasında mətbuatın müxtəlif təşkilatların İctimai Əlaqələr şöbələri ilə əməkdaşlığının vacibliyini qeyd edən ADA müəllimi xatırlatdı ki, bu tərəfləri birləşdirən nöqtə cəmiyyətə faydalı məlumat vermək istəyi olmalıdır. Qədim yunan filosofu Sokratın deyimini xatırlatsaq, “üç süzgəciniz olmalıdır: – doğrudurmu? vacibdirmi? mərhəmətlidirmi?” Bu süzgəclərdən keçə bilən məlumat ictimai fayda verərək medianı müasir dünyada əzəl missiyasına sadiq saxlayacaq”.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra, KİV nümayəndələri incəsənət sessiyasında iştirak edərək neft boyası ilə rəsm əsəri üzərində işləyib, peşəkar bayramları münasibəti ilə hədiyyələrlə təltif ediliblər.










