AZ

XX əsrin klassikləşmiş ədəbiyyatşünası

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pənah Xəlilov – 100

Görkəmli ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor Pənah Xəlilov hər zaman xoş duyğularla xatırlanan söz-sənət adamıdır.

Onunla ilk görüşümüzü indiki kimi xatırlayıram. 1982-ci il idi və mən qiyabiçi tələbə olaraq çoxtirajlı “Kimyaçı” qəzetində işləyirdim. Fikrət Qocanın “İnsan xasiyyəti” kitabının Dövlət mükafatına təqdim olunması ilə əlaqədar Kimya Sənayesi İstehsalat Birliyində görüş təşkil olunmuşdu. Qələmdaş və dostları Salam Qədirzadə, İshaq İbrahimov, Pənah Xəlilov, Vaqif İbrahim çözəl çıxışlar etdilər. Mənə də söz verildi və şairin kitabı haqqında təəssüratlarımı bölüşdüm. Sonra çay süfrəsi arxasında professor Pənah Xəlilov məni göstərərək: “Bu cavan oğlanın çıxışını çox bəyəndim”, – dedi. Onun verdiyi qiymət məni ədəbiyyatı daha dərindən öyrənməyə ruhlandırdı.

O zaman Pənah müəllim Azərbaycan Dövlət Universiteti (indiki BDU) SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri idi. Bizə dərs demirdi, amma hər görüşəndə ona ehtiramımı bildirirdim. Filologiya fakültəsindən olan tələbələri onu bir müəllim və alim kimi çox sevdiklərini hər yerdə etiraf edirdilər. Mən də professorun “Ədəbiyyatşünaslığın əsasları” (Mir Cəlalla müştərək), “Nəsrimizin üfüqləri” adlı kitablarını alıb həvəslə oxumuş, çox dərin mənalar əxz eləmişdim.

Pənah İmran oğlu Xəlilov 1925-ci il iyulun 1-də Borçalı mahalının Sadaxlı kəndində ziyalı ailəsində anadan olub. İbtidai təhsilini orada alıb. 10 yaşı olanda ailəlikcə Gəncəyə köçdüklərindən M.Ə.Sabir adına 5 saylı şəhər orta məktəbində oxuyub. Universitetin filologiya fakültəsini bitirib. Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı, sonra baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışıb. 94 illik ömrünün 76 ilini bu ali təhsil ocağına həsr edib. Professor adını isə 50 ilə qədər layiqincə daşıyıb. Onun arxasınca gələn neçə-neçə eloğlusu – Həmid Vəliyev, Adixan Bayramov və başqaları da filologiyaya ömürlük könül veriblər.

Bütün yazdıqları Pənah Xəlilovun ədəbiyyatşünaslıq və bədii tərcümə ilə necə ciddi məşğul olduğuna dəlalət edir. İntibah abidəmiz olan “Kitabi-Dədə Qorqud”dan tutmuş, Nizami Gəncəviyə, Əhməd Yəsəviyə, “Əli və Nino”ya, Taras Şevçenkoya, digər türk xalqlarının və Şərqi slavyanların ədəbiyyatına aid araşdırmaları, Heredotdan, Migel de Servantesdən çevirmələri digər məziyyətləri ilə bərabər, dilin incəliklərini dərinliyinə qədər bildiyini göstərirdi. Təsadüfi deyil ki, Pənah Xəlilov ədəbiyyat dərslərində milli məfkurənin təbliğinə ciddi fikir verirdi və bu mövzuda diqqətəlayiq bir elmi-metodik vəsait də yazmışdı. Tərcüməçilərdən istədiyi peşəkar səviyyəni hamımızın sevə-sevə oxuduğumuz “Don Kixot” romanını bizə doğmalaşdırmaqla əyani olaraq göstərə bilib.

Ötən il “Qanun” nəşriyyatı “Qızıl klassika” seriyasından yuxarıda adını çəkdiyim Heredotun “Tarix” əsərini tam halda – 9 kitabda çap edib. Həmin kitabların 5-ni məhz Pənah Xəlilov dilimizə çevirib. Azərbaycanın qədim tarixini öyrənmək baxımından da qiymətli olan bu əsərlərdə midiyalılar, iskitlər (skiflər), onların Azərbaycana gəlmələri, ərazilərimizdə yaşamış qədim qəbilə və tayfalar haqqında son dərəcə dəyərli məlumatlar böyük elmi əhəmiyyət daşıyır.

Yeri gəlmişkən, Pənah müəllim klassikanın tərcüməsi barədə deyirdi: “Çoxdur klassik əsərlər. Hamısı da öz tərcüməsini gözləyir. Amma imkan məhdudluğuna görə zirvə hansıdırsa, günün ruhunu bizə daha sənətkaranə şəkildə hansı əsər çatdırırsa, onları qabağa salmalıyıq. Biz çalışmalıyıq ki, birinci növbədə öz məfkurəsinə, sənətkarlıq səviyyəsinə görə çox yüksəkdə duran və bu gün də bizə lazım olan əsərlərin tərcüməsi vacib sayılsın”.

Sevimli müəllimimiz olan professor Camal Mustafayev Pənah müəllim barədə danışarkən qısaca deyib: “Yazdıqları ilə özünə heykəl qoydu”. Gözəl qiymətdir. 22-si elmi, 18-i isə tərcümə ədəbiyyatı olan 40 kitab müəllifi Pənah Xəlilov yeniyetmə çağlarından pənah gətirdiyi ədəbiyyata ömrü boyu sadiq qalıb, söz sənətinə soyadına uyğun olaraq xəlillik – yaxın yoldaşlıq, əziz dostluq edib.

Əli NƏCƏFXANLIXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
7
xalqqazeti.az

10Mənbələr