İyulun 3-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. İmtahanın ilk gününə texnologiya, təsviri incəsənət, Azərbaycan dili, informatika, rus dili və ədəbiyyatı fənləri üzrə ümumilikdə 9 201 nəfər namizəd dəvət olunub.
Moderator.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, test imtahanları 3 – 10 iyul tarixlərində ölkə üzrə 44 imtahan mərkəzinidə iki seans olmaqla keçirilir. Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə isə 100 ballı qiymətləndirmə sistemi tətbiq ediləcək.
Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5, tədris metodikası və təlim strategiyaları üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.
Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılır.
Qeyd edilib ki, test imtahanında ixtisas üzrə minimum 34, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar.