Politoloqların fikrincə, Moskva Ukraynada qalib gələcəyi təqdirdə, regionda yeni bir geosiyasi xəritə qurmağa çalışacaq. Bu xəritənin əsas hədəfi SSRİ-ni fiziki olaraq bərpa etməsə də, siyasi, iqtisadi və hərbi nəzarət altında yeni bir təsir zonası formalaşdırmaqdır. Azərbaycan da bu proseslərdə mühüm strateji mövqedə dayanır. Həm enerji resurslarına, həm də geosiyasi yerləşməsinə görə regionun əsas aktorlarından biri olan Bakı üçün bu gedişatlar yeni çağırışlar və potensial risklər yaradır.
Rusiya prezidentinin planı nədir? MDB ölkələri bu məsələyə necə reaksiya verəcəklər?
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Rusiyanın diskriminasiya siyasəti yeni deyil:
"Moskva hələ SSRİ dağıldıqdan sonra MDB ölkələrinə qarşı bu siyasəti həyata keçirməyə başladı. Özü də bunu açıq şəkildə edərək keçmiş müstəmləkə təfəkkürünü aydın şəkildə nümayiş etdirirdi.
MDB-nin missiyası Rusiya tərəfindən fərqli başa düşülürdü. Yəni Kreml istəyirdi ki, həmin platforma vasitəsilə keçmiş müstəmləkələr üzərində nəzarətini saxlasın. Amma bu, baş vermədi. Dövlətlər müstəqilliklərini daha çox üstün tutdu. Buna görə də bu gün MDB formal bir təşkilat olaraq qalır. Hətta deyərdim ki, beynəlxalq təşkilatlar arasında ən lazımsız olanıdır.
Zeynal Əmrəliyev
Rusiyanın hazırda Ukraynada apardığı müharibəMoskvanın müttəfiqlik münasibətlərinə hörmət etmədiyini bir daha göstərir. Ümumiyyətlə Kremlhökumətinin SSRİ-ni bərpa etmək niyyətində olduğunu düşünmürəm. Çünki belə bir şey mümkün deyil. Hər şeydən əvvəl, sözügedən ideologiya artıq köhnəlib və ona inanan insanların sayı çox azdır.
Mövcud geosiyasi reallıqlar fonunda Rusiya silah gücü ilə yeni bir imperiya qura bilməz. Hesab edirəm ki, Moskva yeni bir slavyan imperiyası yaratmaq xülyasındadır. Böyük ehtimalla, Ukraynadan sonra növbəti hədəf Belarus olacaq. Bu ölkə ilə nə qədər ittifaq müqaviləsi imzalansa da, Prezident Aleksandr Lukaşenko faktiki olaraq bu proseslərdən yayınmağa çalışır".