EN

Türkiyə Super Liqası Səudiyyə Ərəbistanının etdiyini edə bilər?

"Türkiyə Super Liqasında tarix boyu Avropada çıxış etmiş bir çox ulduz futbolçu oynayıb". 

Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib. 

O xatırladıb ki, qardaş ölkədə Hagi, Karlos, Droqba, Sneyder, Anelka, İmmobile və İkardi kimi çox sayda dünyaca məşhur futbolçu çıxış edib:

"Əslində, bunun maliyyə əsası var. Onların əksəriyyəti Türkiyədə yaxşı performans sərgiləməsələr belə klublar bu transferlərdə maraqlı olurlar. Qardaş ölkədə bu səviyyədə transferləri əsasən "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Trabzonspor" kimi klublar edir. 

Hansı ki, onların on milyonlarla azarkeşləri var. Bu səbəbdən həmin klublar ulduz futbolçu transferi nəticəsində həddindən artıq sayda forma satırlar. Formanı ən ucuz qiymətə belə satışa çaxarsalar, bunun gəliri milyonlarla lirəyə çatır. Hərçənd ki, həmin formalar ucuz yox, bahalı olur. Bu da həmin gəlirlərin artmasına gətirib çıxarır". 

377111

Həmsöhbətimiz bildirib ki, bəzən futbolçuya ödənilən vəsaiti forma satışlarından çıxarmaq olur:

"Sözügedən türk klubları ulduz futbolçuların transferi üçün ödədikləri pulu və ya maaşı sadəcə forma satışından çıxara bilir. Ümumiyyətlə, ulduz futbolçuların Türkiyəyə gətirilməsinin əsas səbəblərindən biri məhz budur. Çünki klublar bu yolla yüksək məbləğdə qazanc əldə edirlər". 

Ekspert "Türkiyə ulduz futbolçu transferlərinə davam edərək gələcəyin futbol mənasında Səudiyyə Ərəbistanı liqası ola bilərmi?" sualına isə belə cavab verib:

"Açığı, Türkiyə Super Liqasının bu transferlər nəticəsində gələcəkdə Səudiyyə Ərəbistanı kimi olacağına inanmıram. Çünki Səudiyyə Ərəbistanının iqtisadiyyatı və maliyyə vəziyyəti qardaş ölkədən həddindən artıq dərəcədə çoxdur. Həmçinin, oranın futbol cameəsində olan pul da Türkiyə ilə müqayisə olunacaq səviyyədədə deyil. Səudiyyə Ərəbistanının hansısa klubunun bir ulduz futbolçuya milyonlar verib transfer etməsinə oradakı insanlar laqeyd yanaşırlar. 

Buna görə ki, onların özlərinin qazancı da kifayət qədər yaxşıdır. Yəni adıçəkilən ölkədə yaşayış səviyyəsi olduqca yüksək səviyyədədir. Türkiyədə isə futbolçulara verilən böyük maaşlar rezonansa səbəb ola bilir. İndi "dörd böyüklər" adlanan klubların hər biri 2-3 ulduz futbolçu transfer edə bilərlər. Lakin bunun Səudiyyə Ərəbistanında kimi kütləvi hal alacağını zənn etmirəm". 

Aslan Kərimovun sözlərinə görə, türk klublarının dünya ulduzu transfer etməkdə əsas məqsədi uğur qazanmaq deyil:

"Onlar, əsasən dünya ulduzlarını heyətinə qatmaqla Türkiyədə çempion olmağı və ya Avropada uğur qazanmağı hədəfləmirlər. Klub rəhbərliklərinin məqsədi forma satışından və reklamlardan pul qazanmaqdır. Bununla yanaşı, ulduz futbolçular azarkeşlərin könlünü almaq və dəstəyini qazanmaq üçün transfer edilir. Çünki bu yolla onların yenidən kluba rəhbərlik etmək şansları daha da artır". 

Pərviz

Chosen
19
50
hit.az

10Sources