AZ

Çexiyada elektrik enerjisi təchizatında ciddi fasilələr yaranıb

Bakı, 4 iyul, AZƏRTAC

Çexiya Respublikasının bəzi regionlarında kütləvi elektrik enerjisi kəsilməsi baş verib. Nəticədə yüzlərlə qatarın hərəkəti dayanıb.

AZƏRTAC xəbər verir ki, hakimiyyət orqanlarının məlumatına görə, hadisənin səbəbi yüksək gərginlikli kabelin qırılması olub. “Reuters” agentliyinin məlumatına görə, bu hadisə Avropanın enerji şəbəkələri və infrastrukturunun davamlılığı ilə bağlı narahatlıqları daha da gücləndirəcək. Apreldə İspaniya tarixində ən böyük elektrik enerjisi kəsilməsi baş vermiş, martda isə yanğın nəticəsində Londonun Hitrou hava limanının enerji təchizatı dayanmışdı.

CEPS milli yüksəkgərginlikli şəbəkə operatorunun məlumatına əsasən, V411 elektrik ötürücü xəttinin və Ledviçe elektrik stansiyasının 6-cı enerji blokunun fəaliyyətinin dayanması zəncirvari reaksiya yaradaraq digər bir xəttin və yarımstansiyanın yüklənməsinə, nəticədə ölkənin bir hissəsinin enerji sistemindən ayrılmasına səbəb olub.

Bir neçə şəhərdə, o cümlədən Praqada ictimai nəqliyyatın hərəkəti dayanıb, metro qısa müddətlik bağlanıb, tramvaylar saatlarla hərəkətsiz qalıb.

Çexiya Respublikasında onlarla yarımstansiya mövcuddur ki, burada elektrik enerjisi müxtəlif gərginliklərə çevrilir və bunun sayəsində ölkə üzrə ötürülür və yerli səviyyədə paylanılır.

Təsirə məruz qalan bütün yarımstansiyalarda elektrik enerjisinin verilməsi bərpa olunub.

Daxili işlər naziri Vit Rakusan ölkə televiziyasına bildirib ki, hazırda kiberhücum və ya terror aktı ehtimalını təsdiq edən məlumat yoxdur.

 

Seçilən
3
50
azertag.az

10Mənbələr