Futbol üzrə Azərbaycan millisinin portuqaliyalı baş məşqçisi Fernandu Santuş ötən gün avtomobil qəzasında həlak olan “Liverpul”un hücumçusu Dioqu Jota barədə danışıb.
"Unikal" xəbər verir ki, 70 yaşlı mütəxəssis “A Bola” nəşrinə açıqlamasında həmyerlisi barədə fikir bildirməyin çətin olduğunu bildirib.
F. Santuş mərhum futbolçu üçün dua edəcəyini bildirib: “O, böyük futbolçu və hər şeydən əvvəl əla insan idi. Bu situasiyada nəsə danışmaq çətindir. Mən Portuqaliya millisində baş məşqçi olduğum dövrdə Jota 22 yaşında yığmada debüt etmişdi. Dünyanın ən yaxşı oyunçusu Kriştianu Ronaldunun kölgəsində qalsa da, hər zaman öz yerini tapdı. Onun milli komandada oynamağa böyük həvəsi var idi. Zədəli olduğu üçün Qətərdə keçirilən dünya çempionatına gedə bilməmişdi. “Liverpul”un heyətində zədə almışdı. Həmin vaxt onu ziyarətə getmişdim. Zədəli olmasına baxmayaraq, Qətərdə bizi görməyə gəlmişdi. Təlim-məşq toplanışlarını izləyirdi. Təəssüf ki, Jota artıq həyatda yoxdur. İndi yalnız ailəsi, həyat yoldaşı və geridə qoyub getdiyi üç uşağı haqqında düşünə bilərəm".
Qeyd edək ki, Dioqu Jota Portuqaliya yığmasının heyətində 49 matçda 14 qolla yadda qalıb. O, iki dəfə UEFA Millətlər Liqasının qalibi olub.