"Belə gözəl infrastruktura və şəraitə sahib olan akademiyaya mütləq dəstək verilməlidir".
Bunu Operativ Media-ya açıqlamasında Qəbələ Futbol Akademiyasında 2009-2014-cü illərdə çalışmış türkiyəli mütəxəssis Recep Yazıcı klubun akademiya ilə bağlı qərarını şərh edərkən deyib.
"Mən hər zaman Azərbaycan uşaqlarının istedadlı olduqlarına inanmışam. Şəxsi fikrim olaraq deyə bilərəm ki, bu inancım bu gün də davam edir. Əgər belə olmasaydı, Bəhlul Mustafazadə, Amin Seydiyev, Elvin Camalov, Qismət Alıyev, Ülvi İskəndərov,Fərid və Yusif Nəbiyev qardaşları, Əli Səmədov, Turan Manavov kimi futbolçuları yetişdirə bilməzdik. Adlarını sadalaya bilmədiyim Rövlan kimi daha neçə-neçə futbolçu var ki, onların hamısı Qəbələ Futbol Akademiyasının yetirmələridir. Mən o vaxt Bəhlul Mustafazənin milli komandaya kimi gedəcəyini deyəndə mənə gülmüşdülər. Nəticə etibarilə bu futbolçular Azərbaycan futboluna xidmət etməyə davam edirlər".
O, AFFA-nın Qəbələ Futbol Akademiyasına sahib çıxmalı olduğunu bildirib.
"Belə gözəl infrastruktura və şəraitə sahib olan akademiyaya mütləq dəstək verilməlidir. AFFA bu işə sahib çıxmalıdır. Orada müsbət yöndə dəyişikliklər olmalıdır. Bu dəyişiklik klubun və Azərbaycan futbolunun xeyrinə olmalıdır. Akademiyanın rəhbərliyi ən düzgün qərarları verərək gələcəkdə daha da uğurlu nəticələr əldə edəcək. Belə gözəl bir akademiya geriyə gedə bilməz. Mən məşqçilik həyatımın ən gözəl günlərini orada keçirmişəm. Dəfələrlə Azərbaycan çempionluğu yaşamışam, çox sayda futbolçu yetişdirmişəm. Hələ də həmin futbolçularla və klub prezidenti Fariz Nəcəfovla əlaqədəyəm. Əgər akademiya üçün lazım olan hansısa fədakarlıq varsa, mən onu etməyə hazıram. İndi vəfa zamanıdır".
Türkiyəli mütəxəssis Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv edilməsi qərarına da münasibət bildirib.
"Bəs bu vəziyyətdə ölkənin gənclərinin taleyi necə olacaq? AFFA gənclərin inkişafı və təhsili ilə bağlı xüsusi proqram həyata keçirməlidir. Axı sonda millidə yenə də Azərbaycan uşaqları çıxış edəcək. Bu şəraitdə milli komandanın uğurlu olması mümkün deyil. Mütləq şəkildə yerli futbolçular akademiyalardan çıxmalıdır.
Milli komandanın başında "Beşiktaş"da uğursuz çıxışı ilə tanınan Santuş kimi əcnəbi məşqçi dayansa, Azərbaycan futbolu geri gedəcək. Əgər ölkədə yaxşı futbolçu yoxdursa, heç bir məşqçi möcüzə yarada bilməz. Türkiyə milli komandası baş məşqçisinin müqaviləsini daha iki il uzatdı. Çünki o, uğurludur. Niyə? Çünki milli komandanın heyətində olan yerli futbolçuların demək olar ki, hamısı xaricdə çıxış edir: Kenan, Hakan Çalhanoğlu, Arda, Melih və başqaları. Ölkəndə yaxşı futbolçu yoxdursa millinin baş məşqçisi uğursuz olacaq"