AZ

"Qəbələ" Akademiyasının yetirmələrindən məhdudiyyət açıqlaması

BAKI, 4 iyul. TELEQRAF

“Ora barədə nə qədər xoş söz desək, yenə azdır. Çünki mənim timsalımda çoxlu oyunçular yetişdiriblər və yetişdirməyə davam edirdilər. Ümid edirəm ki, nə vaxtsa akademiya öz fəaliyyətini əvvəlki kimi davam etdirər”.

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin və “Neftçi” komandasının futbolçusu Elvin Camalov “Qəbələ” Futbol Akademiyasının fəaliyyətini məhdudlaşdırması barədə danışarkən deyib.

Akademiyanin yetirmələrindən olan 30 yaşlı yarımmüdafiəçi qərarın özü və bir çox futbolçuya pis təsir etdiyini bildirib: “Həqiqətən çox üzüntülü haldır. İllərdir Azərbaycan futboluna faydalı işlər görən “Qəbələ” Futbol Akademiyasının fəaliyyətini məhdudlaşdırması çox pis xəbər oldu. Mənimlə yanaşı, bir çox adlar saymaq olar ki, orada yetişiblər. Bu gün həmin futbolçular oranın adını uca tutur, hər zaman xatırlayırlar. Biz futbolu orada öyrənmişik. Akademiyada çalışan hər bir məşqçiyə, bütün işçilərə, bir sözlə, hər kəsə əziyyətlərinə görə təşəkkür edirəm. Bilirəm ki, onlar da bu xəbərdən sonra üzüntü içərisindədirlər. Sadəcə, müəyyən səbəblər buna imkan vermədi”.

“Qəbələ” Akademiyasının tanınan simalarından biri, hazırda “Araz-Naxçıvan”ın kapitanı Urfan Abbasov da qərarla bağlı Teleqraf-a açıqlama verib: “Qəbələ" klubunun əvəzedicilərində oynamışam, akademiyanın yaş qruplarında isə olmamışam. Yenə də ora mənim üçün çox doğmadır. Sözügedən məlumatı oxuyarkən pis oldum. “Qəbələ” Azərbaycan futboluna yaxşı futbolçular verib, akademiya hər baxımdan faydalı olub. Ümid edirəm ki, nə zamansa maliyyə vəziyyəti qaydasına düşər və akademiya öz fəaliyyətini yenidən bərpa edər. Amma hazırda edəcək bir şey yoxdur”.

Qeyd edək ki, 2009-cu ildən "Qəbələ" Futbol Akademiyasında yetişən Elvin Camalov 2012 - 2019-cu illərdə peşəkar səviyyədə klubun formasını geyinib. Urfan Abbasov isə 2011 - 2019-cu illərində bu klubun uğurları üçün çalışıb.

Seçilən
16
31
teleqraf.com

10Mənbələr