Futbol üzrə İtaliya millisinin və “Torino”nun dayaq yarımmüdafiəçisi Samuele Riççi bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Milan”ın rəsmi saytına istinadən xəbər verir.
23 yaşlı italiyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Milan” bu transfer üçün “Torino”ya 23 milyon avro ödəyib.
Samuele Riççi “Empoli”nin yetirməsidir. 2022-ci ildən “Torino”da çıxış edən futbolçu ötən mövsüm A Seriyasında 34 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Riççinin Turin klubundakı ümumi statistikası isə belədir: 113 oyun, 4 qol və 7 məhsuldar ötürmə.
İtaliyanın U-17, U-18, U-19 və U-21 yığmalarında da oynamış yarımmüdafiəçi 2022-ci ilin iyununda əsas millidə debüt edib. Riççi İtaliya millisində 10 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.