ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
May ayından etibarən Azərbaycanın səhiyyə sistemində tətbiq edilən elektron bülleten sistemi hazırda yüzlərlə vətəndaşı çarəsiz durumda qoyub. Bu vəziyyətlə bağlı şikayətlərin sayı da durmadan artır.
KONKRET.az redaksiyasına müraciət edən vətəndaş Ələkbər Əliyev də məhz elektron bülleten sisteminin yaratdığı fəsadlardan narazılığını bildirir.
Onun sözlərinə görə, 6- 27 may 2025-ci il tarixləri arasında xəstəlik səbəbilə iş yerindən bülleten götürüb. Həmin dövrün 14 günüňün maaşı iş yeri tərəfindən ödənilsə də, qalan günlərin ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən həyata keçirilməlidir. Lakin bu, baş verməyib.
ƏƏSMN onun elektron bülletenini 20 iyun tarixində geri qaytarıb. Səbəb olaraq isə elektron sistemdə bülletenin aşağı hissəsində yer alan “TSEK müayinəsindən imtina, Xeyr.” qeydi göstərilib. Nazirliyin mövqeyinə görə, bu hissədə “Xeyr” sözü yer almamalı, əksinə boş buraxılmalıdır. Bu səbəbdən vətəndaşa ödəniş edilməyib.
Ələkbər Əliyev bildirir ki, xəstəxananın baş həkimi ilə görüşüb, o isə bu yazının tibb müəssisəsi tərəfindən yazılmadığını, sistemdə avtomatik olaraq çıxdığını və yalnız Səhiyyə Nazirliyi tərəfindən düzəldilə biləcəyini deyib.
Vətəndaş bununla bağlı həm TƏBİB-ə, həm də Səhiyyə Nazirliyinə müraciət edib:
“TƏBİB məsələ ilə maraqlanmadı, bunun onların səlahiyyətində olmadığını dedi. Səhiyyə Nazirliyinə etdiyim müraciətlərə isə cavab belə verilmədi. Artıq 1 aydan çoxdur ki, mən nə haqq etdiyim ödənişi ala bilirəm, nə də problemin aradan qaldırılması üçün real addım atan var.”
Ələkbər Əliyev KONKRET.az vasitəsilə həm Səhiyyə Nazirliyinə, həm ƏƏSMN-ə, həm də ictimaiyyətə səslənib:
“Bütün dolanışığım, dərman xərclərim bu ödənişə bağlıdır. İki dövlət qurumunun – Səhiyyə Nazirliyi ilə ƏƏSMN-in bir-birini günahlandırması və sistemdəki cəmi bir sözə görə yüzlərlə insanın haqqının verilməməsi nə dərəcədə doğrudur? “Xeyr” sözünü sistemdən silmək bu qədər çətindirmi? Bu, təkcə mənim deyil, onlarla, yüzlərlə insanın başına gələn problemdir.”
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bizə bildirildi ki, 1 may 2025-ci il tarixindən ölkə üzrə xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib olunması tətbiq edilir. Tibb müəssisələrində elektron xəstəlik vərəqələrinin tərtibatında yol verilən
səhvlərin aradan qaldırılması məqsədilə elektron xəstəlik vərəqələrində düzəlişlərin edilməsi Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətinə aid deyil.
Aidiyyəti qurum tərəfindən bu prosedurlar tənzimlənir.
Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzindən isə saytımıza bildirilib ki, “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sistemi”ndə tərtibat zamanı yol verilmiş texniki və ya digər xarakterli səhvlərlə bağlı həmin sənədlərin ləğv edilərək yenidən tərtib olunması, habelə bu vərəqlərin Dövlət Sosial Müdafiə Fondu (DSMF) və ya sığortaedən orqanlar tərəfindən təkrar icraya qəbul edilməsi hazırda qüvvədə olan normativ hüquqi aktlarda nəzərdə tutulmayıb.
Lakin vətəndaş müraciətləri və praktiki ehtiyaclar nəzərə alınaraq, belə halların aradan qaldırılması məqsədilə Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən düzəliş etmə mexanizmi hazırlanıb və aidiyyəti üzrə müvafiq dövlət qurumları ilə razılaşdırılıb.
Hazırda səhv tərtib olunmuş elektron xəstəlik vərəqlərinə düzəlişlərin edilməsi prosesi başlanılıb. Bu məqsədlə tibb müəssisələri tərəfindən təqdim edilən siyahılar əsasında texniki və inzibati prosedurlar həyata keçirilir.
Səhiyyə Nazirliyi və digər əlaqədar qurumlar vətəndaşların hüquqlarının qorunmasını və belə halların sistematik şəkildə aradan qaldırılmasını təmin etmək məqsədilə işləri davam etdirir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.