ain.az, Sherg.az saytına istinadən bildirir.
Natiq Miri: ABŞ-nin geosiyasi maraqları baxımından Tramp Zəngəzur dəhlizinin açılması məsələsinə dəstək verə bilər
Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-nin Müstəqillik Günü münasibəti ilə Prezident Donald Trampa məktub göndərib.
Ermənistan hökumətinin başçısı məktubunda ABŞ Prezidentindən kömək istəyib.
N.Paşinyan məktubunda D.Trampın diqqətini Cənubi Qafqazda kommunikasiyaların (yolların) açılması məsələsinə də çəkib.
“Münaqişələrə son qoymaq və dünyada sülhün bərqərar olması ilə bağlı baxışınızı yüksək qiymətləndirirəm. Əminəm ki, sizin rəhbərliyiniz altında Birləşmiş Ştatlar Cənubi Qafqazda çoxdan gözlənilən sülh, sabitlik və rifahın bərqərar olmasına əsaslı töhfə verəcək. Mən Ermənistan hökumətinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh gündəliyinə, həmçinin “Sülh qovşağı” layihəsinin prinsiplərinə uyğun olaraq regional kommunikasiyaların açılmasına sarsılmaz sadiqliyini bir daha təsdiq edirəm”, - baş nazir qeyd edib.
Qeyd edək ki, “Carnegie” Fondu bundan əvvəl məlumat yaymışdı ki, Donald Tramp administrasiyası İrəvana Zəngəzur dəhlizinə nəzarəti ABŞ şirkətinə təhvil verməyi təklif edib. Mənbə Ermənistan hökumətinin buna etiraz etmədiyini bildirib. Məlumatda qeyd edilib ki, ABŞ-nin planı Rusiyanı dəhlizə nəzarətdən kənarda qoyur.
Politoloq Natiq Miri Sherg.az-a deyib ki, Paşinyanın məktubunda da Ermənistanın dövlət maraqları ifadə olunub:

"Bu, həm də ABŞ-yə bir xatırlatmadır ki, Biden hakimiyyəti dövründə Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu baxımdan, məktubda Ermənistanın ABŞ-nin Cənubi Qafqaz siyasətində prioritet mövqe tutmasına xüsusi vurğu edilib. Ermənistan maraqlıdır ki, region, o cümlədən özü ABŞ xarici siyasətində önəmli yer tutsun. Həmçinin bu məktubda ABŞ-nin Ermənistana göstərdiyi dəstəyə işarə edilir. Ermənistan artıq Rusiyanı havadar kimi qəbul etmir. Avropa Birliyinin isə indiki şəraitdə regionda real təsir imkanları sual altındadır. Bu mənada Aİ Ermənistana təhlükəsizlik zəmanəti vermir. Ona görə də İrəvan ABŞ-nin Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində daha aktiv rol oynamasını istəyir.
Ermənistan düşünür ki, ABŞ bu prosesə müdaxilə edərsə, Azərbaycan tərəfindən irəli sürülmüş iki əsas şərt yerinə yetirilmədən də sülh müqaviləsinin imzalanmasına şərait yaradıla bilər. Əslində bu yanaşmanın nə dərəcədə doğru olub-olmaması mübahisəlidir. Çünki Ermənistan kiçik dövlətdir və daim böyük güclərin dəstəyi hesabına siyasi xəttini müəyyənləşdirib".
Analitik qeyd edib ki, əgər əvvəllər Rusiya ilə yaxınlıq Ermənistan üçün çıxış yolu idisə, indi Qərbə inteqrasiya çərçivəsində ABŞ və Avropa İttifaqının dəstəyinə ehtiyac duyur:
"Lakin bu yanaşmanın Donald Tramp administrasiyası üçün nə dərəcədə cəlbedici olacağı sual altındadır. Bununla belə, ABŞ-nin geosiyasi maraqları baxımından Tramp Zəngəzur dəhlizinin açılması məsələsinə dəstək verə bilər. Hətta bu istiqamətdə artıq müəyyən müzakirələrin və razılaşmaların olduğu ehtimal edilir.
Nikol Paşinyanın son Türkiyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Rusiyanın narahatlığının artması da bu ehtimalları gücləndirir. Görünür ki, Rusiyanın kəşfiyyat məlumatları Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret razılaşmaların əldə olunduğunu göstərir. Əgər bu dəhliz açılarsa, Rusiya bölgədəki təsir imkanlarını itirə bilər. Bu baxımdan, Donald Trampa ünvanlanan təbrik məktubunda da Zəngəzur dəhlizi məsələsinə xüsusi yer ayrılıb və ABŞ-ın dəstəyi halında Ermənistanın bu layihəyə razılıq verə biləcəyinə dolayı şəkildə işarə olunur".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.