EN

"Avropa İttifaqı Rusiya ilə bağlı 18-ci sanksiya paketini təsdiqlədi" - "Azadlıq Radiosu"

 
"Bratislavanın enerji güzəştləri qarşılığında geri çəkilməsi Aİ-nin sanksiya mexanizmini yenidən işə saldı..."
 
Avropa İttifaqı Rusiyaya qarşı nəzərdə tutulan 18-ci sanksiya paketinin qəbulunda ciddi əngəllərlə üzləşsə də, bu maneləri aradan qaldırmaq mümkün olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu" məlumat yayıb.
 
Slovakiyanın enerji ilə bağlı narahatlıqları fonunda sanksiyaların təsdiqi bir müddət ləngisə də, Avropa Komissiyasının verdiyi zəmanətlər sayəsində kompromis əldə edilib. Bratislavanın əsas tələbi Rusiya enerji daşıyıcılarından mərhələli şəkildə imtinanın daha yumşaq və mərhələli şəkildə həyata keçirilməsi olub. Avropa Komissiyası bu tələbə cavab olaraq Slovakiyaya 2027-ci ilə qədər enerji keçidini təmin edəcək xüsusi güzəştlər vəd edib.
 
Bu diplomatik razılaşma haqda məlumatı Radio "Azadlıq Radiosu"nun  jurnalisti Rikard Yuzvyak öz "X" hesabında paylaşıb. O bildirib ki, bu zəmanətlər Avropa İttifaqının 18-ci sanksiya paketini artıq yaxın günlərdə qəbul etməsinə imkan yaradacaq. Qeyd edək ki, yeni sanksiya paketi əsasən texnoloji məhsullar, ikili təyinatlı mallar və enerji sektoruna yönələcək. Məqsəd - Rusiya iqtisadiyyatının dayanıqlığını azaltmaq və Kremlə qarşı iqtisadi təzyiqi artırmaqdır.
 
Macarıstan hələlik susur
 
Sanksiyaların qəbulunda həmişə olduğu kimi, Macarıstanın mövqeyi də diqqət mərkəzindədir. Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Budapeşt indiyə qədər dəfələrlə Aİ-nin Rusiya əleyhinə qərarlarını ləngidib və bu dəfə də eyni taktikanı tətbiq edəcəyi gözlənilirdi. Lakin bu dəfə Macarıstan rəsmi olaraq heç bir etiraz bildirməyib. Analitiklərə görə, bu, Almaniya və Fransa kimi aparıcı Aİ dövlətlərinin Budapeştə təzyiqlərinin nəticəsi ola bilər.
 
Zelenskinin çağırışı və Almaniyanın rolu
 
Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanı Aİ daxilində Macarıstan üzərində təsir gücündən istifadə etməyə çağırıb. O, bildirib ki, Avropa İttifaqının vahid mövqeyi yalnız qitənin deyil, bütövlükdə beynəlxalq nizamın sabitliyi üçün vacibdir. Zelenskinin sözlərinə görə, Aİ daxilində Rusiya ilə əməkdaşlıq edən və ya neytral qalmaq istəyən dövlətlər uzunmüddətli perspektivdə həm özlərinin enerji təhlükəsizliyini, həm də ümumi geosiyasi balansı risk altına atır.
 
Aİ-nin sanksiya mexanizmi: davamlılıq və adaptasiya
 
Avropa İttifaqı 2022-ci ilin fevralından bu yana Rusiyaya qarşı 17 sanksiya paketi qəbul edib. Bu paketlər bank sektorundan tutmuş enerji, nəqliyyat, texnologiya, media və fərdi şəxslərə qədər geniş spektri əhatə edir. Hər yeni paket isə əvvəlkilərin boşluqlarını doldurmağa, Rusiyanın adaptasiya qabiliyyətini zəiflətməyə hesablanıb.
 
18-ci paket bu baxımdan həm rəmzi, həm də strateji əhəmiyyət daşıyır. Çünki bir tərəfdən sanksiya mexanizminin hələ də fəaliyyət göstərdiyini göstərir, digər tərəfdən isə Aİ-nin üzv dövlətlər arasında ciddi maraq toqquşmalarına baxmayaraq kompromis əldə etmək qabiliyyətini ortaya qoyur.
 
Slovakiyanın güzəştlə razı salınması və Macarıstanın hələlik etiraz etməməsi Aİ-nin 18-ci sanksiya paketini yaxın günlərdə rəsmi olaraq təsdiqləyəcəyinə işarədir. Bu, həm Rusiya üçün əlavə iqtisadi təzyiq, həm də Ukraynaya siyasi dəstəyin davam edəcəyinin göstəricisidir. Sanksiyalar savaş meydanında dərhal nəticə verməsə də, Kremlin uzunmüddətli iqtisadi imkanlarını daraldır və Qərbin strateji iradəsini nümayiş etdirir.
Chosen
11
17
moderator.az

10Sources