EN

Pezeşkian İranda türk dilində tədrisə icazə verəcək? AÇIQLAMA

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

İranda yaşayan çoxmilyonlu Azərbaycan türkü ana dilində tədris almaqdan məhrumdur. Türk dilində məktəb tələbi müxtəlif hökumətlərin dövründə qaldırılsa da, bu məsələ indiyədək öz həllini tapmayıb.

İran Prezidenti Məsud Pezeşkian bir Azərbaycan türkü olaraq Güney Azərbaycanda türk dilində tədrisi mümkün edə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın ana dilində təhsillə bağlı açıqlamaları uzun illər gözlənilən, lakin reallaşmayan bir faktordur.

"İranda ana dili təhsili yalnız mədəni deyil, həm də psixoloji və pedaqoji baxımdan əvəzsiz əhəmiyyətə malikdir. Güney Azərbaycan cəmiyyətində bu addım milli kimliyin qorunması baxımından ümidlə qarşılanır. Təhsildə dil haqları, əslində, vətəndaşla dövlət arasında etimad körpüsünün qurulmasına xidmət edir. İndiki mərhələdə verilən vədlərin praktik mexanizmlə müşayiət olunması vacibdir. Pilot layihələrin uğurla həyata keçməsi, genişlənməyə gedən yolun açarı ola bilər".

Siyasi şərhçi qeyd etdi ki, qeyri-fars dillərində dərsliklərin hazırlanması və müəllimlərin yetişdirilməsi kimi məsələlər də əsas gündəm olmalıdır və bu prosesdə ictimai razılıq və elmi əsaslandırma da xüsusi əhəmiyyət kəsb edir.

"Prezidentin özünün türkdilli kökə sahib olması bu mövzuya fərqli yanaşmasına zəmin yaradır. Əsas məsələ bu vədlərin sırf siyasi kontekstdə qalmaması, real addımlarla dəstəklənməsidir.

İran cəmiyyətində çoxmədəniyyətlilik uzunmüddətli sabitlik üçün mühüm faktordur. Ana dili təhsili hüquq məsələsi olmaqla yanaşı, mədəni barışın əsas sütunlarından biridir. Əgər bu siyasət ardıcıl şəkildə aparılarsa, təkcə Azərbaycan türkləri deyil, bütün qeyri-fars icmalar özlərini daha çox bu dövlətin bir parçası kimi hiss edəcəklər", - deyə Tural İsmayılov vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
10
redaktor.az

10Sources