2025-ci il iyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Bakıda keçirilən mətbuata bəyanatları iki qardaş ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakterini bir daha təsdiqlədi. Liderlərin çıxışları iqtisadi, siyasi və mədəni əməkdaşlığın geniş spektrini əhatə edərək, gələcək inkişaf üçün iddialı hədəflər müəyyənləşdirdi.
Prezident İlham Əliyev Özbəkistan Prezidentinin dövlət səfərinin qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçdiyini vurğuladı. O, ötən il Daşkənddə imzalanan Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin əhəmiyyətini qeyd edərək, bu sənədin hər iki ölkənin münasibətlərində ən yüksək səviyyəni təmsil etdiyini bildirdi. Prezident Əliyev Özbəkistanın futbol üzrə dünya çempionatının final mərhələsinə çıxması münasibətilə Prezident Mirziyoyevi təbrik edərək, bu uğurun Özbəkistan rəhbərliyinin gənclərin təlim-tərbiyəsi və ölkənin inkişafı üzrə müdrik siyasətinin nəticəsi olduğunu qeyd etdi.
Görüş zamanı ikitərəfli ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artırılması niyyəti bir daha təsdiqləndi. Yeni yaradılmış Birgə İnvestisiya Fondunun artıq 10-dan çox layihə ilə təmin olunduğu bildirildi. Bu layihələr, xüsusilə energetika, mehmanxana biznesi, tikinti və kənd təsərrüfatı kimi sahələrdə, qarşılıqlı investisiyaların həcmini bir neçə dəfə artırmağı hədəfləyir. Prezident Əliyev Özbəkistanda yaradılmış əlverişli investisiya mühitinin önəmini vurğuladı.
Nəqliyyat-logistika sahəsində əməkdaşlıq da müzakirə olunan əsas mövzulardan idi. Orta Dəhliz layihəsinin potensialı nəzərə alınaraq, Xəzərdən Azərbaycana və oradan Qərb istiqamətinə çıxışı olan daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılması planlaşdırılır.
Prezident Əliyev Qarabağın bərpasına Özbəkistanın verdiyi dəstəyə xüsusi minnətdarlığını bildirdi. Qeyd olundu ki, Özbəkistan bu sahədə ilk ölkə olub və Mirzə Uluqbəy adını daşıyan məktəb, eləcə də Xankəndidəki tikiş fabriki bunun bariz nümunəsidir. Hər iki lider Bakıda Özbəkistan Səfirliyinin yeni binasının və "Özbəkistan" parkının açılışının iki ölkə arasındakı qardaşlıq münasibətlərinin simvolu olacağını vurğuladılar.
Prezident Şavkat Mirziyoyev səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edərək, Azərbaycanın uğurlarına ürəkdən sevindiklərini bildirdi. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadiyyatının və investisiyalarının artmasını yüksək qiymətləndirdi. Prezident Mirziyoyev, həmçinin, Azərbaycanın minifutbol üzrə dünya çempionu olmasını təbrik edərək, Azərbaycan və Özbəkistanın birgə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün FİFA-ya müraciət etmək niyyətində olduqlarını açıqladı.
Liderlər arasındakı münasibətlərin şəffaflığı və etibarlılığı, beynəlxalq platformalarda fikir birliyi və bütün razılaşmaların icra olunması ikitərəfli əməkdaşlığın möhkəm təməllər üzərində qurulduğunu göstərir.
Abbas Pənahov,
YAP Nəsimi rayon təşkilatının sədr müavini