AZ

Azərbaycan Özbəkistan Əməkdaşlığı: İqtisadi Perspektivlər və Regional Bağlantılar

ain.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

2025-ci il iyulun 2-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bəyanatları, iki qardaş ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsi və regional əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanları açıqladı. Görüş zamanı əsas diqqət investisiya, ticarət, nəqliyyat və kənd təsərrüfatı sahələrinə yönəldildi.

Prezident İlham Əliyev əmtəə dövriyyəsinin və qarşılıqlı investisiyaların həcminin əhəmiyyətli dərəcədə artırılması niyyətini bir daha təsdiqlədi. Qeyd olundu ki, birgə İnvestisiya Fondu artıq praktik olaraq layihələrlə təmin edilib və 10-dan çox layihənin investisiya qərarlarının qəbulu mərhələsində olduğu bildirildi. 500 milyon dollarlıq nizamnamə kapitalına malik Fondun gələcəkdə bu rəqəmi bir neçə dəfə üstələyəcək layihələrə sərmayə qoyacağı gözlənilir. Bu layihələr əsasən energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və digər sahələri əhatə edəcək. Prezident Əliyev, Özbəkistanın Prezident Mirziyoyevin islahatları nəticəsində yaranan "çox yaxşı investisiya mühiti" sayəsində hazırda "çox cəlbedici" bir investisiya ölkəsi olduğunu xüsusi vurğuladı. Azərbaycan üçün Özbəkistana investisiyalar həm dostluq, həm də iqtisadi cəlbedicilik baxımından prioritet təşkil edir.

Görüşün mühüm gündəm maddələrindən biri də nəqliyyat-logistika sahəsində əməkdaşlıq idi. Liderlər Orta Dəhliz layihəsi çərçivəsində Xəzərdən Azərbaycana və oradan Qərb istiqamətinə çıxışı olan daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasını müzakirə etdilər. Bu, Mərkəzi Asiya regionu üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın nəqliyyat infrastrukturunun böyük həcmdə yükləri qəbul etməyə hazır olması üçün ikitərəfli və çoxtərəfli formatda layihələrin əlaqələndirilməsinə dair razılıq əldə olundu.

Kənd təsərrüfatı sahəsində, xüsusilə pambıqçılıq və ipəkçilikdə Özbəkistanın təcrübəsinin Azərbaycan üçün dəyərli olduğu qeyd edildi. Tərəflər həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələri xüsusi olaraq müzakirə etdilər.

Prezident Şavkat Mirziyoyev də öz növbəsində Azərbaycanın iqtisadi uğurlarını təqdir etdi və İlham Əliyevin yorulmaz əməyinin bu nailiyyətlərdə mühüm rol oynadığını bildirdi. O, Özbəkistanın Azərbaycanın təcrübəsini öyrənib mənimsədiyini vurğuladı. Prezident Mirziyoyev "Fondumuz işləyir, bir çox layihələr əməldə həyata keçirilir. Real nəticələr var," deyərək iqtisadi əməkdaşlığın konkret nəticələr verdiyini qeyd etdi.

İki ölkənin sahibkarlarının dəstəklənməsi və birgə layihələrin təşviqi iqtisadi əlaqələrin daha da güclənməsinə töhfə verəcək. Bu günkü görüşün nəticələri Azərbaycan və Özbəkistanın iqtisadi potensiallarını birləşdirərək, regionda sabitlik və firavanlığın təmin olunmasında mühüm rol oynadığını göstərir.                                                      

Azər Süleymanov,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
50
yeniazerbaycan.com

10Mənbələr