Amasyada bir neçə gün öncə həbsxanadan azad olunan kişi evində həyat yoldaşı ilə mübahisə etdikdən sonra onu odlu silahla vurub və eyni silahla özünə də atəş açaraq intihar edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, dörd uşaq anası olan qadın xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı əldə edilən məlumata görə, 35 yaşlı Yunus Köse hələ dəqiq səbəbi bilinməyən mübahisə zamanı 30 yaşlı həyat yoldaşı Kader Köseyə odlu silahla atəş açıb. Daha sonra eyni silahla özünü vuraraq intihar edib.
Silah səslərinin eşidilməsi ilə hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Qan içində tapılan qadın xəstəxanaya aparılsa da, orada həyatını itirib. Yunus Kösenin meyiti isə müayinə olunduqdan sonra eyni xəstəxananın morquna yerləşdirilib.
Alacaq-borc məsələsi səbəbindən bir müddət əvvəl həbs olunduğu bildirilən Yunus Kösenin iki gün əvvəl azadlığa çıxdığı öyrənilib.
Onun əmisi Hüseyn Köse açıqlamasında, "Həbsxanadan çıxmışdı, cəmi iki gün idi. Anasını axtarıb haqqını halal etməsini istəyib. Başqa heç nə bilmirəm," – deyə bildirib.
Ardında dörd uşaq qoyan cütlüyün yaxınları isə morq qarşısında göz yaşları töküblər.