Bu il tarixində ilk dəfə Avrokuboklarda mübarizə aparacaq “Araz Naxçıvan” yay fasiləsindəki transferləri ilə hamını təəccübləndirir. Klub xüsusilə “Qarabağ”dan ayrılan Patrik Andrade və Ağdam klubunun keçmiş üzvü Hamidu Keytanı heyətə qatmaqla diqqət mərkəzinə düşdü. Yetərincə təcrübəli olan bu futbolçuların komandaya güc qatacağı sirr deyil.
Bəs görəsən, bu futbolçuların komandaya gəlişi necə baş tutub?
Bununla bağlı Bizim.Media-ya açıqlama verən futbol funksioneri Ceyhun Sultanov hər iki oyunçunun baş məşqçinin istəyi və özünün vasitəçiliyi ilə komandaya gəldiklərini deyib:
“Əvvəla hər iki oyunçu baş məşqçinin istəyi ilə transfer olunub. Patrik Andradeni əvvəldən tanıyırdım. Özüm əlaqə saxladım. Futbolçunu maraqlandırmaq üçün bir çox vasitələr var. Onlardan istifadə etdim. Qara Qarayevi danışıqlara cəlb etdim. Çünki onun Patriklə yaxşı münasibətləri var. Maliyyə şərtlərini də razılaşdıra bildik.
Hamidu Keytaya gəlincə, onu Azərbaycana mən gətirmişəm. Bir agent vasitəsilə o vaxt “Zirə”yə cəlb edə bildik. Keyta ilə yaxşı münasibətimiz var. Qardaşı vasitəsilə əlaqə saxladıq və “Araz Naxçıvan”a keçməyə razılaşdı. Hər iki futbolçu baş məşqçinin israrından sonra transfer olunub və komandaya böyük faydalara dəyəcək”.
Ceyhun Sultanov həmçinin “Araz Naxçıvan”ın Avrokuboklarda mərhələ keçmək şansını da dəyərləndirib:
“Klub rəhbərliyi iddialıdır. Konfrans Liqasında mərhələ keçməyi planlaşdırırlar. Ölkə çempionatında da əsas hədəf yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Məhz bu səbəbdən heyəti gücləndirmək üçün lazım olan maliyyə vəsaitini ayırıblar. Hesab edirəm ki, düzgün yoldadırlar. Əgər nəyəsə nail olmaq istəyirsənsə, yaxşı maliyyə ayırıb, keyfiyyətli futbolçular cəlb etməlisən. “Araz Naxçıvan” düzgün transfer siyasəti aparır və bunun müsbət nəticəsini mütləq görəcəklər”.
Rəşa Rafiqoğlu, Bizim.Media