EN

ECO-nun 17-ci Zirvə görüşü Azərbaycanın siyasi gücünün beynəlxalq səviyyədə təsdiqidir – Sevil Mikayılova

Prezident İlham Əliyevin iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışı strateji, siyasi və iqtisadi mesajlarla zəngindir və həm daxili, həm də beynəlxalq auditoriya üçün çoxşaxəli əhəmiyyət daşıyır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, Prezident İlham Əliyevin Xankəndidə keçirilən Zirvə görüşündəki çıxışı, sadəcə bir beynəlxalq tədbirdə iştirak deyil, həm də böyük bir tarixi dönüş nöqtəsinin nümayişi kimi qiymətləndirilə bilər.

"Uzun illər işğal altında qalmış və separatizmin mərkəzi sayılan bir şəhərdə bu cür yüksək səviyyəli tədbirin keçirilməsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını beynəlxalq aləmə rəsmən bəyan etməsidir.

Zirvə görüşünün Xankəndidə təşkili təsadüfi deyil. Bu addım Azərbaycanın bölgədə yeni reallıqlar yaratdığını və bu reallıqları beynəlxalq platformalara daşıdığını göstərir. Burada məqsəd sadəcə infrastrukturu nümayiş etdirmək deyil, geosiyasi mesaj verməkdir: Bura Azərbaycandır və bundan sonra da belə olacaq", - deyə deputat bildirib.

S.Mikayılova əlavə edib ki, Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, məscidlərin təhqir edilməsi, qəbiristanlıqların məhv edilməsi təkcə maddi deyil, mədəni və dini soyqırımı nümunəsidir.

"Prezident İlham Əliyev bu faktları gündəmə gətirərək, beynəlxalq ictimaiyyəti ədalətli yanaşma və obyektiv mövqe sərgiləməyə çağırır. Çıxışın iqtisadi hissəsində Prezident İlham Əliyev Azərbaycanın enerji və nəqliyyat sahələrində regional liderlik rolunu önə çəkdi. 12 ölkəyə qaz ixracı və Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində mühüm tranzit ölkə olması Azərbaycanın strateji əhəmiyyətini nümayiş etdirir. Eyni zamanda, COP29-un Azərbaycanda keçirilməsi və bu tədbirdə əldə edilən uğurlar ölkənin qlobal iqlim liderliyi üçün yeni imkanlar açır".

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların qayıdış hüququ məsələsini bir daha qaldırdı.

"Bu, Azərbaycanın humanitar və hüquqi müstəvidə mübarizəsinin davam etdiyini göstərir. İƏT-in qəbul etdiyi qətnamə və İstanbul Bəyannaməsi bu mübarizənin beynəlxalq hüquq müstəvisində təhlükəsiz və sülh yolu ilə həllinin mümkün olduğunu göstərir".

S.Mikayılova vurğulayıb ki, ECO-nun 17-ci Zirvə görüşündə Azərbaycanın rolu və təşəbbüsləri təşkilatda islahatlar və daha praktik əməkdaşlıq mexanizmlərinin formalaşması baxımından da mühüm rol oynayır.

"ECO Həftəsi" çərçivəsində müxtəlif şəhərlərdə keçirilən forumlar - biznes, gənclər və qadınlar üzrə - təşkilatın fəaliyyətinin yalnız iqtisadi sahə ilə məhdudlaşmadığını, bütün cəmiyyətin inkişafına yönəldiyini sübut edir.

Beləliklə, Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etməyib, həm də bölgənin inkişafında, inteqrasiyasında və təhlükəsizliyində həlledici aktora çevrilib. Xankəndidə keçirilən bu Zirvə görüşü Azərbaycanın tarixi ədaləti bərpa etməklə yanaşı, gələcəyə inamla baxdığını və beynəlxalq əməkdaşlığa açıq olduğunu sübut edir", - deyə S.Mikayılova fikirini tamamlayıb.

Milli.Az

Chosen
7
50
milli.az

10Sources