AZ

Xankəndi zirvəsi: Azərbaycanın suveren iradəsi və regional əməkdaşlığın yeni mərhələsi - ŞƏRH

Bakı, 5 iyul, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü ilk dəfə olaraq Azərbaycanın Xankəndi şəhərində keçirildi. Bu faktın özü təkcə diplomatik hadisə deyil, həm də geosiyasi mesajdır: Qarabağ artıq yalnız ərazi deyil, qlobal əməkdaşlığın yeni ünvanıdır.

Azərbaycanın təşəbbüsü ilə keçirilən bu tədbir postmünaqişə dövrünün strateji mərhələsində suverenlik, iqtisadi inkişaf və diplomatik çeviklik kimi üç əsas sütunu paralel şəkildə önə çıxardı. Tarixi ədalətin bərpasından sonra ilk dəfə beynəlxalq səviyyəli yüksək toplantının Xankəndidə baş tutması ölkəmizin regionda artan təsirini və müəyyənedici güc statusunu bir daha təsdiqlədi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, Zirvə görüşünün məkan seçimi sıradan bir coğrafi qərar deyildi: “Xankəndi – uzun illər işğalın, separatizmin, saxta statuslu siyasi manipulyasiyaların rəmzinə çevrilmiş bu şəhər indi beynəlxalq diplomatiyanın, iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın mühüm ünvanı kimi təqdim olunur. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən “Qarabağ Azərbaycanın tərkib hissəsidir və bu, dəyişməzdir” xətti artıq sadəcə daxili suverenlik bəyanatı deyil, beynəlxalq təşkilatlar səviyyəsində praktikaya çevrilməkdədir”.

“Əgər Vətən müharibəsi Qarabağın hərbi-siyasi reabilitasiyası idisə, 2025-ci il ECO Zirvəsi onun diplomatik və beynəlxalq legitimliklə möhürlənməsi oldu. Xankəndidə imzalanan sənədlər, deyilən nitqlər, aparılan müzakirələr təkcə iqtisadi məsələlər ətrafında qurulmurdu – burada regionun siyasi konfiqurasiyası da cızılırdı.

Zirvə “Davamlı regional iqtisadi əməkdaşlıq: çətinlikləri fürsətə çevirmək” şüarı ilə keçirildi", - deyə T. İsmayılov vurğulayıb.

Onun sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu son onilliklərdə qlobal siyasətdə həm tranzit marşrut, həm enerji resursları bazası, həm də iqtisadi transformasiya platforması kimi çıxış edir: “ECO-nun üzv dövlətlərinin – Türkiyə, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Əfqanıstanın liderlərinin iştirakı isə təşkilatın sabitlik və qarşılıqlı etimad mənbəyi kimi mövqeyini daha da gücləndirdi.

Bu zirvədə infrastruktur layihələri, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat kimi mövzular ön plana çəkildi. Azərbaycan bu sahələrdə həm təcrübə, həm iradə, həm də təşəbbüskar mövqeyini bir daha nümayiş etdirdi. Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr üzv ölkələr üçün yalnız ticarət yolu deyil, həm də strateji təhlükəsizlik təminatıdır.

Zirvə çərçivəsində keçirilən Gənclər Forumu, Qadın Liderlər Platforması, Biznes Konfransı və İqlim Dəyişikliyi paneli bir daha sübut etdi ki, Azərbaycan yalnız minaları təmizləmir, həm də mənaları formalaşdırır”.

Politoloq əlavə edib: "Xankəndinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, burada yeni müasir infrastrukturun qurulması, nəqliyyat və informasiya şəbəkələrinin bərpası – Azərbaycanın “postmünaqişə dövrü” siyasətində nə qədər sistemli və ardıcıl olduğunu göstərir. Əgər keçmişdə bu şəhərdə separatizm baş qaldırmışdısa, bu gün orada dövlətçilik, regional əməkdaşlıq və iqtisadi sabitlik bayrağı dalğalanır. Bu, Azərbaycanın sülh təşəbbüslərinin yalnız kağızda deyil, konkret addımlarla reallaşdırıldığının sübutudur.

Xankəndidə keçirilmiş ECO Zirvə görüşü regional inteqrasiyanın yeni mərhələsini müəyyənləşdirməklə yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndiyini nümayiş etdirdi. Bu tədbir sübut etdi ki, Azərbaycan həm liderlik, həm təhlükəsizlik, həm də əməkdaşlıq platforması kimi qəbul edilir.

Zirvə görüşü beynəlxalq ictimaiyyətə bir daha xatırlatdı: Azərbaycan təkcə öz torpaqlarını azad etmədi, həm də həmin torpaqlara həyat, diplomatiya və inkişaf gətirdi. Xankəndidə birləşən ECO ölkələri, əslində, təkcə bəyannamələrə imza atmadılar – onlar gələcək üçün ortaq iradə, güclü regional nizam və sabit inkişaf doktrinasına səs verdilər".

 

Seçilən
11
50
azertag.az

10Mənbələr