EN

Lənkəranın 40 illik zibil poliqonu kənd sakinlərinin başağrısına çevrilib

LƏNKƏRAN, 5 iyul. TELEQRAF

Göyşaban kəndindəki zibil poliqonu 40 ildir sakinləri narahat edir.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Lənkəranın Göyşaban kəndində yerləşən zibil poliqonu artıq 40 ildən çoxdur ki, ətraf mühitə və yerli sakinlərin həyatına mənfi təsir göstərir. Poliqondan yayılan üfunətli qoxu kənddə yaşamağı getdikcə dözülməz edir.

Hazırda şəhərin bütün məişət tullantıları bu əraziyə daşınır. Bəzi hallarda poliqonda baş verən yanğınlar günlərlə davam edərək ətraf kəndləri qatı tüstü ilə örtür. Antisanitar şəraitdə, xüsusilə gecə saatlarında qida axtaran sahibsiz itlərin poliqona toplaşması da sakinlərin narahatlığına səbəb olur.

5 hektarlıq ərazidə toplanan tullantılar güclü küləklər zamanı ətrafa yayılır. Hətta zibilliyin yaxınlığından keçərək Xəzər dənizinə axan çaylardan biri də davamlı şəkildə çirklənməyə məruz qalır.

Şəhər İcra nümayəndəsinin sözlərinə görə, problemin həlli yaxın illərdə mümkün ola bilər. Belə ki, ərazidə tullantıların emalı üçün xüsusi müasir emal müəssisəsinin tikintisi planlaşdırılır.

Chosen
8
35
teleqraf.com

10Sources