"İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün 2025-ci il iyulun 4-də Xankəndidə keçirilməsi, Azərbaycanın beynəlxalq arenada əldə etdiyi uğurların parlaq təcəssümü kimi tarixi önəm kəsb edir. Prezident İlham Əliyevin bu tədbirdə səsləndirdiyi mesajlar həm ölkənin keçmişdəki çətinliklərini, həm də gələcəyə yönəlmiş strategiyasını əks etdirir".
Bu sözləri Azreform.info -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, Xankəndinin ev sahibliyi etdiyi bu beynəlxalq toplantı, özlüyündə güçlü geopolitik mesaj daşıyır:
"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var." Bu seçim, işğaldan azad edilmiş torpaqlarda yeni reallığın beynəlxalq tanınmasının və qəbul edilməsinin göstəricisidir.
Son illər Qarabağda keçirilən beynəlxalq tədbirlər - Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasından tutmuş, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvəsinə və bu ilin may ayında Laçında üçtərəfli zirvəyə qədər - bölgənin sülh və inkişaf mərkəzinə çevrilməsinin təsdiqidir.
Prezidentin çıxışında Ermənistan işğalının dəhşətli nəticələrinin təsviri xüsusi diqqət çəkir. 30 ilə yaxın davam edən işğal dövründə bir milyondan artıq azərbaycanlının didərgin salınması, 150 milyard dollar zərər vurulması, 65 məscidin dağıdılması və mədəni abidələrin məhv edilməsi faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.
"Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır" - bu ifadə, haqsızlığın düzəldilməsində Azərbaycanın qətiyyətli mövqeyini əks etdirir. 44 günlük Vətən müharibəsində əldə edilən qələbə və sonrasında həyata keçirilən "Böyük Qayıdış" proqramı bu qətiyyətin nəticəsidir.
Azərbaycanın ECO çərçivəsində roluna xüsusi vurğu edilməsi, ölkənin regional iqtisadi inteqrasiyanın gücləndirilməsində aparıcı rolunu göstərir. COP29 konfransının uğurla keçirilməsi bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. 197 ölkə, 70 dövlət və hökumət başçısının iştirakı ilə keçirilən bu konfrans, Azərbaycanın beynəlxalq sahədə nüfuzunun artmasının göstəricisidir.
İqtisadi göstəricilər də diqqətəlayiqdir. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulması, bunun yarısının xarici sərmayə olması, 12 ölkəyə təbii qaz ixracı və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərindən istifadə edilməsi ölkənin iqtisadi gücünün göstəricisidir".
Deputat qeyd edib ki, "Böyük Qayıdış" proqramı çərçivəsində 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışının təmin edilməsi, hazırda 50 mindən çox insanın azad edilmiş ərazilərdə yaşaması, çalışması və təhsil alması postkonflikt inkişafın nümunəvi modelidir:
"ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması, 2026-cı ilin Şuşa şəhərinin "ECO-nun Turizm paytaxtı" elan edilməsi beynəlxalq əməkdaşlığa açıqlığı nümayiş etdirir.
Bu il ilk dəfə Azərbaycanın təşəbbüsü ilə keçirilən ECO Həftəsi çərçivəsində Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumunun təşkil edilməsi təşkilatın fəaliyyətində yeni mərhələnin başlanğıcını qeyd edir.
Prezidentin çıxışında Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması məsələsinə xüsusi diqqət yetirilməsi də əhəmiyyətlidir. İslam Əməkdaşlıq Təşkilatının 57 üzv ölkəsinin yekdil qərarı ilə qəbul olunan qətnamə bu istiqamətdə uğurun göstəricisidir.
Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşü, Azərbaycanın regional liderlik rolunu gücləndirib davam etdirmək istəyinin bariz nümunəsidir. Bu zirvə, sadəcə diplomatik tədbir deyil, həm də Azərbaycanın gələcək nəsillərə sülh və inkişaf miras qoyma əzminin rəmzidir.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən mesajlar, Azərbaycanın keçmişdəki çətinliklərini arxada qoyaraq, gələcək inkişafına yönəlmiş strategiyasını həyata keçirmək əzmində olduğunu göstərir. Bu, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılan güçlü mesajdır: Azərbaycan qloballaşan dünyada öz yerini möhkəmləndirmiş və regional sabitliyin təmin edilməsində aparıcı rol oynayır.
ECO-nun Xankəndidə keçirilən bu zirvəsi, Azərbaycanın diplomatik uğurlarının və beynəlxalq nüfuzunun artmasının yeni səhifəsi kimi qiymətləndirilməlidir".
Həmidə İbrahimova