EN

Seyfəddin Hüseynli: Qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib

Rusiyada həbsdə olan Bakir Səfərova zəruri dərman ötürülməsinə icazə verilib.

Bunu APA-ya açıqlamasında Bakir Səfərovun qardaşı Seyfəddin Hüseynli bildirib.

“Qardaşım Bakir Səfərovun 62 yaşı var. O, hipertoniya xəstəsidir. Yəni, yüksək təzyiqi var. Onun dərmanları vaxtı-vaxtında verilməli, pəhrizi düzgün saxlanılmalıdır. Düzdür, indi ona dərman ötürülməsinə icazə verilir. Amma ilk vaxtlarda həkim müayinəsi də edilməmişdi. Azərbaycan dövlətinin müvafiq təsiri ilə bu məsələ həllini tapdı”, - o deyib.

S.Hüseynli qeyd edib ki, onda olan məlumata görə, Səfərovların işi üzrə istintaq indi tamamən Moskvanın nəzarətindədir:

“Qardaşımla bağlı artıq şəxsi xətlə ala biləcəyim heç bir məlumat yoxdur. Nə məlumat varsa, rəsmi kanalla yayılır. Mənim bildiyimə görə, istintaqı və ona nəzarəti Moskva tamamilə öz üzərinə götürüb. Digər saxlanılanlarla bağlı da məlumatsızam. Ümidvaram ki, qardaşım Bakir Səfərovla əlaqədar məsələ tezliklə ədalətli həllini tapacaq".

Seyfəddin Hüseynli qardaşının pedaqoq olduğunu, hər kəsin onu ağsaqqal, nurani insan kimi tanıdığını deyib: "Buna görə də onun hansısa cinayət işində adının hallanması, bununla bağlı ittiham olunması çox ciddi haqsızlıq olar”.

Qeyd edək ki, iyunun 27-də Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanları azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçiriblər. Əslən Ağdam rayonundan olan Səfərovların əksəriyyəti əməliyyat zamanı saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməliyyat zamanı tətbiq etdikləri zorakılıq nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları həyatlarını itiriblər. Onların daha bir qardaşı Bakir Hüseynov da daxil olmaqla 7 nəfər barəsində isə Yekaterinburq məhkəməsi həbs qərarı çıxarıb.


Chosen
15
32
sherg.az

10Sources