İngiltərənin “Çelsi” klubu Madrid “Real”ının gənc hücumçusu Qonsalo Torresin transferində maraqlıdır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə İspaniyanın “Sport.es” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, London təmsilçisi 21 yaşlı hücumçunun keçidi üçün 40 milyon avro ödəməyə hazırdır. Klub rəhbərliyi Torresi Nikola Ceksonun əvəzedicisi kimi görür.
“Real” isə gənc futbolçunu satmağa açıqdır, lakin geri alma şərtinin müqavilədə yer almasını istəyir. Qeyd olunur ki, futbolçunun mövcud müqaviləsində sərbəst qalma maddəsi 50 milyon avro məbləğində müəyyən olunub.
Qonsalo Torres bu il keçirilən klublararası dünya çempionatında dörd oyunda iştirak edib, üç qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun “kral klubu” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalına əsasən, futbolçunun hazırkı bazar dəyəri 8 milyon avrodur.