Paraqvayın “Serro Porteno” klubunun sol cinah müdafiəçisi Dieqo Leon bundan sonra “Mançester Yunayted”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı diqqətə çatdırılıb. Amma müqavilənin dəqiq müddəti və digər detalları barədə məlumat verilmir. Britaniya mətbuatı “qırmızı şeytanlar”ın bu keçid müqabilində “Serro Porteno”ya 4 milyon avro ödədiklərini yazır.
Dieqo Leon “Serro Porteno”nun öz yetirməsidir. Gənc müdafiəçi bu klubun əsas komandasının heyətində 33 matç keçirib və 4 qola imza atıb.
Həmçinin Leon Paraqvayın 20 yaşadək futbolçulardan ibarət milli komandasında oynayır.
“Transfermarkt” internet-portalı 18 yaşlı müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.