Dağıstan rəhbəri Sergey Melikov Rusiya ilə Azərbaycan arasında münasibətlərdə yaranan çətinliklərin narahatlıq doğurduğunu bildirib. O, bu vəziyyətin “xalqın maraqları nəzərə alınmaqla, sülh yolu ilə” həll olunacağına əmin olduğunu vurğulayıb. Melikov eyni zamanda bəzi qüvvələrin bu durumdan istifadə edərək dağlıları təhrik etməyə, onları sonradan peşman olacaqları hərəkətlərə sövq etməyə cəhd göstərə biləcəyini istisna etməyib.
KONKRET.az xəbər verir ki, Sergey Melikov vəziyyətə münasibət bildirərkən deyib:
“Biz bu gün dünyada baş verənləri narahatlıq və ağrı ilə izləyirik. Təəssüf ki, Rusiya və Azərbaycan arasında münasibətlərdə müəyyən çətinliklər yaranıb. Ancaq əminəm ki, bütün bu çətinliklər xalqların maraqları və tarixi münasibətlərə hörmət əsasında sülh yolu ilə həll olunacaq.
Belə çətin dövrlərdə həmişə elə qüvvələr tapılır ki, vəziyyətdən öz maraqları naminə istifadə etməyə çalışır – Rusiyanı daxildən zəiflətmək, nifaq toxumu səpmək, qardaş xalqları bir-birinə qarşı qoymaq istəyirlər.
Bu, xüsusilə uzun illərdir yaxın qonşularla sülh və həmrəylik şəraitində yaşayan çoxmillətli Dağıstana aiddir. Respublikamızda Azərbaycan əsilli çoxsaylı insanlar yaşayır və onlar Dağıstanı öz evi sayırlar. Bizim əlaqələrimiz sadəcə coğrafi deyil. Bu, tarixdir, qohumluq əlaqələridir, mədəniyyət, birgə həyata dair ortaq dəyərlərdir. Qeyd etmək istərdim ki, azərbaycanlılar məhz Dağıstanda yerli xalq sayılır!
Hazırda bizi təhrik etməyə, münaqişələrə cəlb etməyə, sonradan xəcalət çəkəcəyimiz addımlar atmağa vadar etməyə cəhd göstərilə bilər. Bu, nə Dağıstana, nə Azərbaycana, nə də bütövlükdə Rusiyaya sülh və sabitlik arzulamayan qüvvələrin hiylələridir.
Biz dəfələrlə şahid olmuşuq ki, xarici qüvvələr vəziyyəti başqa insanların əli ilə pozmağa çalışır. Ancaq nəticədə onlar məğlub olublar, çünki xalqımızın müdrikliyi, birliyi və mərhəməti bu çirkin oyunlardan üstün olub.
Mən bütün insanlara – həm dağıstanlılara, həm də azərbaycanlı qardaşlarımıza müraciət edirəm: aramıza nifaq salmağa imkan verməyin. Emosiyalara qapılmayın, təxribatlara uymayın, məişət səviyyəsində millətçiliyə düşməyin. Yalnız rəsmi və dəqiq məlumatlara inanın!
Biz birlikdə çox çətinliklərdən keçmişik və bu vəziyyəti də birlikdə aşacağıq. Bütün çətinliklər keçicidir, qardaşlıq və ləyaqət isə əbədi bizimlə qalacaq.”
Natiq Səlim,
KONKRET.az