Fransa kəşfiyyat orqanlarının məxfi hesabatlarına görə, Çin hökuməti son aylarda Fransanın qüruru sayılan "Rafale" qırıcılarının ixracını zəiflətmək üçün genişmiqyaslı dezinformasiya kampaniyası həyata keçirib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Associated Press yayıb.
Kəşfiyyat məlumatlarında bildirilir ki, Pekin öz diplomatik şəbəkəsindən, xüsusən də səfirliklərdəki hərbi attaşelərdən istifadə edərək, "Rafale" təyyarələrinin döyüş imkanlarını şübhə altına almağa çalışıb. Çinin bu taktikasının əsas hədəfi İndoneziya kimi Rafale sifariş etmiş və ya almağı planlaşdıran ölkələr olub. Onlara Fransanın döyüş aviasiyasını deyil, Çin istehsalı olan döyüş təyyarələrini seçmək tövsiyə olunub.
Maraqlıdır ki, bu kampaniya Hindistan və Pakistan arasında 2025-ci ilin mayında baş verən hava toqquşmalarından sonra xüsusi sürət qazanıb. Pakistan həmin döyüşlərdə beş Hindistan təyyarəsini – o cümlədən üç "Rafale"-ni vurduğunu iddia edib. Fransa Müdafiə Nazirliyi isə yalnız bir "Rafale" təyyarəsinin itirildiyini təsdiqləyib və bu, "Rafale"-in tarixində ilk döyüş itkisi kimi qeydə alınıb.
Fransanın Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlamasında bildirib ki, Çin tərəfinin yaydığı bu saxta məlumatlar yalnız "Rafale" təyyarələrini deyil, bütövlükdə Fransanın müdafiə sənayesinin nüfuzunu və texnoloji imicini hədəf alır. Çin Xarici İşlər Nazirliyi isə ittihamları qəti şəkildə rədd edib, bunları “əsassız şayiə və böhtan” adlandırıb.
Musavat.com