Kabardino-Balkarda aparılan tədqiqatlar göstərir ki, uzunömürlülük təkcə dağ havası və kefir deyil, insan ömrünü uzadan xüsusi genetik kodlar da var.
Moderator.az xəbər verir ki, bu barədə "moneytimes.ru" nəşri yazıb.
Dağlarda ömür niyə uzanır?
Kabardino-Balkarda - Rusiyanın Qafqaz bölgəsində yerləşən bu kiçik respublikada insanlar təkcə uzun ömür yaşamır, həm də qocalanda belə aktiv qalır. 90 yaşındakı kənd sakinləri hələ də öz təsərrüfatlarını idarə edir, 100 yaşlılar isə hadisələri xırdalıqlarına qədər xatırlayır. Bəs bu möcüzəvi uzunömürlülüyün sirri nədədir? Kabardino-Balkar Dövlət Universitetinin alimləri artıq on ildən çoxdur ki, bu sualın cavabını axtarır. Onların araşdırmaları təkcə regionun ekoloji şəraiti ilə yox, eyni zamanda genetik faktlarla da bağlı mühüm nəticələr ortaya çıxarıb.
Uzunömürlülüyün əsas açarı
2010-cu ildən bu yana universitetin nəzdində fəaliyyət göstərən "Genetika və Seleksiya" Mərkəzində aparılan tədqiqatlarda 400-dən artıq DNT nümunəsi toplanıb. Əsas diqqət isə 84-104 yaş arası uzunömürlülərin genetik xüsusiyyətlərinə yönəlib. Araşdırmalarda 10-dan çox genin yaşlanma və uzunömürlülüklə birbaşa əlaqəsi aşkarlanıb.
Ən çox maraq doğuran genlərdən biri APOE olub, bu gen xolesterin mübadiləsində mühüm rol oynayır və Altsheymer xəstəliyinə meyllə əlaqələndirilir. Uzunömürlülərdə bu genin "faydalı" forması daha tez-tez rast gəlinib.
Bundan əlavə, ACE, AGT, PON1, PON2, CAT və BRCA1 genləri də diqqət mərkəzindədir. Onların düzgün formaları qan təzyiqini tənzimləyir, orqanizmi oksidativ stresdən qoruyur və hüceyrələrin DNT strukturunu bərpa edir. Əgər bu genlərdə mutasiyalar müşahidə olunmursa, deməli, yaşla bağlı ölümcül xəstəliklərin də qarşısı alına bilir.
"Həyat geni" və xoşbəxtlik kodu
Araşdırmaların ən maraqlı hissələrindən biri də 5-HTTLPR adlı serotoninə cavabdeh genin uzunömürlülərlə əlaqəsidir. Bu gen "xoşbəxtlik hormonu" adlandırılan serotoninin daşınmasını təmin edir. Qəribəsi odur ki, bu genin L-variasiyası - daha çox serotonin hasil edən forması həm yaşlı kişilərdə, həm də peşəkar idmançılarda daha çox rast gəlinir. Bu paralellər alimləri düşündürür: ola bilsin ki, bu genin mövcudluğu insanı yalnız xoşbəxt deyil, həm də uzunömürlü edir.
Dağ havası, süd məhsulları və kənd həyatı
Genetika mühümdür, lakin alimlər uzunömürlülüyü təkcə genetikaya bağlamır. Müsahibə və anket nəticələri göstərib ki, əksər uzunömürlü insanlar kəndlərdə doğulub, bütün həyatlarını açıq havada fiziki əməyə həsr ediblər. Onların əksəriyyəti ailəli olub, bir neçə övlad böyüdüb və kənd təsərrüfatında çalışıblar. Qidalanma isə özlüyündə bir eliksir sayılır: az kalorili, çoxlu göyərti, fermentləşdirilmiş süd məhsulları, toyuq əti və ədviyyatlar. İdman zalları, detoks proqramları və ya pəhrizlər bu insanlara yaddır.
Gen və həyat tərzinin harmoniyası
Kabardino-Balkarda aparılan bu unikal tədqiqatlar sübut edir ki, insan ömrünün uzunluğu təkcə irsiyyətə bağlı deyil. Genetik "təmizlik", aktiv həyat tərzi və təbii qidalanma - bu üçlüyün vəhdəti insanı nəinki uzun yaşadır, həm də sağlam saxlayır. Əsl elmi sensasiya isə budur: bəzi genetik variasiyalar və həyat tərzi birlikdə işləyəndə, təqaüd yaşına qədər yox, bəlkə də bir əsrə qədər gənc qalmaq mümkündür.