EN

Strasburqda Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi müzakirə olunacaq

Bakı, 7 iyul, AZƏRTAC

Bu gün Avropa Parlamentinin Strasburqda keçiriləcək sessiyasında COVID-19 peyvəndlərinin alınması zamanı korrupsiyaya yol verməkdə ittiham olunan Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi müzakirə olunacaq.

AZƏRTAC xəbər verir ki, dinləmələrdə Ursula fon der Lyayen və Avropa Komissiyası tam heyətlə iştirak edəcək.

Etimadsızlıq səsverməsi ilə bağlı təklif Avropa Parlamentinin rumıniyalı deputatı George Piperya tərəfindən irəli sürülüb. Onun sorğusunu Avropa Parlamentinin 720 üzvündən 74-ü dəstəkləyib. Rumıniyadan olan deputat Ursula fon der Lyayeni və Avropa Komissiyasını pandemiya zamanı şəffaflığın olmaması və zəif idarəetmədə günahlandırıb.

Avropa Parlamentinin aparıcı fraksiyası – Avropa Xalq Partiyası Ursula fon der Lyayeni dəstəklədiyi üçün etimadsızlıq votumunun qəbul edilməsi ehtimalı olduqca aşağıdır. Avropa Komissiyasının sədri, eyni zamanda, liberallar və sosialistlər arasında da dəstəyə malikdir. Beləliklə, avropalı deputatların azı üçdə ikisinin layihənin əleyhinə səs verəcəyi gözlənilir.

“Politico” nəşrinin yazdığına görə, Ursula fon der Lyayenə qarşı “simvolik” etimadsızlıq səsverməsi “bir sıra mübahisəli fəaliyyətlər və qalmaqallardan sonra Brüsseldə ona qarşı artan qəzəbi nümayiş etdirir”.

Qeyd edək ki, etimadsızlıq səsverməsi qəbul olunarsa, bu, Avropa Komissiyasının istefasına gətirib çıxaracaq və yeni Avropa komissarlarının təyini üzrə mürəkkəb prosesi işə salacaq.

Artıq Avropa İttifaqı tarixində Avropa Komissiyasının tam heyətlə istefası presedenti olub. Belə ki, 1999-cu ildə lüksemburqlu Jak Santerin komissiyası korrupsiya ittihamlarına görə istefa vermək məcburiyyətində qalıb.

 

Chosen
35
17
azertag.az

10Sources