Etimadsızlıq müzakirəsinin təşəbbüskarı Avropa Parlamentinin rumıniyalı deputatı Georqe Piperadır. Onun təklifi Parlamentin 720 üzvünün ən azı onda biri - 72 deputat tərəfindən dəstəklənməli idi. Nəticədə təşəbbüs 74 deputat tərəfindən dəstəklənib. Onlardan 31-i ultrasağçı "Avropa Mühafizəkarları və İslahatçılar" (ECR) qrupunun üzvüdür.
Pipera fon der Leyeni və Avropa Komissiyasını pandemiya dövründə şəffaflığın olmaması və qeyri-adekvat idarəçilikdə ittiham edir. O, xüsusilə COVID-19 peyvəndlərinin alınması prosesində korrupsiya hallarına diqqət çəkib.
Lakin Avropa Komissiyası sədrinə etimadsızlıq elan olunması ehtimalı çox aşağı qiymətləndirilir. Çünki fon der Leyenin üzvü olduğu Avropa Parlamentinin aparıcı fraksiyası - Avropa Xalq Partiyası artıq ona dəstəyini açıqlayıb. Həmçinin liberal və sosialist fraksiyaların da onu dəstəkləyəcəyi gözlənilir. Bu isə Avropa Parlamentindəki deputatların üçdə ikisindən çoxunun etimadsızlığa qarşı çıxacağı deməkdir.
Avropanın nüfuzlu nəşrlərindən olan POLITICO qeyd edir ki, fon der Leyenə qarşı etimadsızlıq səsverməsi "simvolik xarakter daşısa da", Brüsseldə onun ünvanına artan narazılığın göstəricisidir. Nəşr bildirir ki, əgər etimadsızlıq səsverməsi qəbul edilərsə, bu, bütün Avropa Komissiyasının istefası ilə nəticələnəcək və 27 yeni komissarın təyin edilməsini əhatə edən mürəkkəb bir prosesi başlayacaq.
Qeyd edək ki, Avropa İttifaqı tarixində korrupsiya ittihamları səbəbilə bütün Komissiyanın istefa verməsi faktı mövcuddur. Belə ki, 15 mart 1999-cu ildə lüksemburqlu Jak Santerin rəhbərlik etdiyi komissiya tam tərkibdə istefa vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31