"ABŞ prezidenti Ukraynaya verilən dəstəyə aydınlıq gətirib və Putinə olan məyusluğunu bildirib..."
ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində Ukraynaya yardım məsələsinə yenidən toxunub. Ondan Amerikanın Ukraynaya eynilə İsrailə göstərdiyi qədər güclü dəstək vermədiyinin səbəbi soruşulub.
Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ru" nəşri məlumat yayıb.
Trampın cavabı qəti olub: "Mən Ukraynaya kömək edirəm. Çox kömək edirəm. Bu müharibə heç vaxt başlamamalı idi. Əgər mən prezident olsaydım, Rusiya ilə bu müharibə baş verməzdi".
Tramp həmçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə "yaxşı telefon söhbəti" apardığını bildirib. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinlə son danışığından isə açıq şəkildə məyus olduğunu dilə gətirib.
"Əgər 2020-ci ilin seçkiləri saxtalaşdırılmasaydı..."
Tramp növbəti dəfə 2020-ci il prezident seçkilərində məğlubiyyətini "saxtakarlıq" adlandırıb və bunun nəticəsində dünyanın daha təhlükəli hala gəldiyini deyib:
"Əgər seçkilər saxtalaşdırılmasaydı, bu gün Rusiya ilə müharibə olmazdı. İnflyasiya olmazdı. Biz o dəhşətli Əfqanıstan fiaskosunu yaşamazdıq. Bu, ölkəmizin tarixində ən rüsvayedicı gün idi".
O, həmçinin əlavə edib ki, əgər hakimiyyətdə olsaydı, "oktyabr dəhşətləri", yəni İsraillə HƏMAS arasında baş verən qanlı münaqişə və ABŞ-ın İranla qarşıdurması da baş verməzdi.
Ukrayna və İsrail: fərqli müttəfiqlik statusları
Trampın bu açıqlamaları Ukraynaya ABŞ yardımının qeyri-stabilliyi ilə bağlı davam edən müzakirələrin fonunda səslənir. ABŞ İsraili Yaxın Şərqdə əsas strateji müttəfiq hesab edir və ona uzunmüddətli, sabit maliyyə və hərbi yardım göstərir.
Ukrayna isə formal olaraq müttəfiq deyil, yalnız tərəfdaş sayılır və ona edilən yardım daxili siyasi proseslərdən asılı olaraq dəyişir. Xatırladaq ki, bu yaxınlarda ABŞ Ukraynaya bəzi zenit raketləri və yüksək dəqiqlikli sursatların tədarükünü müvəqqəti olaraq dayandırıb.
Trampın sülh təşəbbüsü və İsrail-HƏMAS atəşkəsi
Tramp bildirib ki, İsrailin 60 günlük atəşkəs təklifini qəbul etdiyini və HƏMAS-ın buna müsbət reaksiya verdiyini öyrənib. Əmirliklərin "The National" nəşrinin yazdığına görə, iyulun 7-də atəşkəslə bağlı rəsmi açıqlama gözlənilir.
Trampın təşəbbüsündə HƏMAS-a bütün girovları azad etməyə, 18 girovun cəsədini qaytarmağa, silahları yerə qoymağa və təşkilat rəhbərlərinin münaqişə zonasını tərk edərək sürgündə yaşamasına çağırış yer alacaq.