"Qərbi ən çox narahat edən məqam "ayı" ilə "əjdaha"nın, yəni Rusiya və Çinin ittifaqıdır..."
Çin Ukrayna ilə bağlı heç bir sülh təşəbbüsünü, əgər bu təşəbbüs birbaşa Pekinin özü tərəfindən irəli sürülməyibsə, qəbul etməyəcək.
Moderator.az xəbər verir ki, bu fikirləri Avstraliya ordusunun istefada olan generalı və hərbi analitik Mik Rayan "Substack" platformasında dərc etdiyi təhlilində səsləndirib. Məlumatı "comments.ua" nəşri yayıb.
Çinin Ukraynadakı müharibənin uzanmasında maraqlıdır
Bir neçə gün öncə mediada xəbər yayılıb ki, Çin xarici işlər naziri Van İ Avropa İttifaqının baş diplomatı Kaja Kallasla söhbətində guya belə deyib: Çin Rusiyanın Ukraynada məğlub olmasına imkan verə bilməz. Bu açıqlama çoxlarını təəccübləndirməsə də, az adam bu siyasətin kökündə yatan səbəbləri dərindən araşdırmağa çalışır.
Mik Rayan Çinin Ukraynadakı müharibənin uzanmasında maraqlı olmasının ən azı üç əsas səbəbini izah edir. Çin rəsmən müharibənin tərəfi olmadığını və sülh danışıqlarına sadiq qaldığını iddia etsə də, Van İ Pekinin bu müharibəyə hansı strateji prizma ilə baxdığını bir daha ortaya qoyub: Çin üçün Ukraynadakı müharibənin davam etməsi sərfəlidir.
Analitik hesab edir ki, Çin liderləri bu müharibəni özləri üçün müsbət amil kimi görür və onun gətirdiyi insani faciələr onları maraqlandırmır. O, xatırladır ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğala başladığı gündən bəri Pekin Ukrayna xalqına heç bir empatiya göstərməyib.

Çinin maraqları: Üç əsas səbəb
1. Strateji üstünlük: ABŞ-ın diqqətini yayındırmaq
Rayanın fikrincə, ABŞ rəsmilərinin Ukraynaya sərf etdiyi hər dəqiqə və dollar Çin təhdidinə qarşı ayıla bilmədikləri bir resurs deməkdir. Amerikalı siyasətçilərin və strateqlərin Ukrayna üzərində düşünməyə sərf etdiyi hər an Çinə fokuslana bilmədikləri andır. Ukraynaya yönələn hər dollar isə Sakit okeanın qərb hissəsini Çin təcavüzündən qorumağa sərf oluna biləcək puldur.
2. İqtisadi qazanc: Ucuz Rusiya resursları, artan ticarət
Rusiyanın Qərbdən təcrid olunması Pekinə ucuz enerji və xammal almaq, əvəzində isə yüksək texnoloji məhsullar satmaq imkanı verib. Çünki Moskva bu məhsulları artıq Qərbdən ala bilmir. Beləcə, Çin həm enerjidə, həm də sənayedə Rusiya ilə asimmetrik, amma özünə xeyirli ticarət əlaqələri qurub.
3. İdeoloji üstünlük: Qərbə qarşı birgə cəbhə
Çin bu müharibəni daha geniş bir geosiyasi qarşıdurmanın tərkib hissəsi - Çin, Rusiya və İranın Qərb hegemoniyasına qarşı mübarizəsi kimi görür. Ukraynadakı müharibə Si Tszinpinə bu qarşıdurmanı NATO və Amerikanın Rusiyaya qarşı apardığı mübarizə kimi təqdim etmək imkanı verir. Bu isə onun daxildə təhlükəsizliyə daha çox fokuslanmasına, siyasi rəhbərliyin "təmizlənməsi"nə və Çin ordusunun modernləşdirilməsinə əsas yaradır.
"Rusiya döyüşür, Çin qazanc götürür"
Analitik əlavə edir ki, Pekin üçün ən sərfəli vəziyyət budur: Qərblə açıq qarşıdurmanı Rusiya aparır, Çin isə arxadan siyasi və iqtisadi dividendlər toplayır. Çinin 2024-cü ilin iyununda İsveçrədə keçirilən Ukrayna üzrə sülh sammitinə qatılmaqdan imtina etməsi də bu siyasətin bariz göstəricisidir. Pekin heç bir "obyektiv vasitəçi" deyil və Rusiya tərəfini tək buraxmaq niyyətində deyil. Çin Xarici İşlər Nazirliyinin irəli sürmədiyi heç bir sülh təşəbbüsünü dəstəkləməyəcək, əksinə, onu sabotaj edəcək.
NATO-nun xəbərdarlığı: Çin Rusiyanı Qərbə qarşı qızışdırır
Qərbi ən çox narahat edən məqam "ayı" ilə "əjdaha"nın, yəni Rusiya və Çinin ittifaqıdır. NATO-nun baş katibi Mark Rütte isə bildirib ki, Çin Rusiyanı NATO ölkələrinə qarşı daha da aqressiv addımlara təhrik edə bilər, bu isə Qərbin diqqətini Tayvana mümkün Çin hücumundan yayındırmaq məqsədi daşıyır.