“20 Yanvar” metro stansiyasının keçidində yerləşən ticarət obyektləri uzun müddətdir bağlı vəziyyətdədir. Mağazalar nə sökülür, nə də yenidən fəaliyyətə başlayır. Bu isə ictimaiyyət arasında suallar doğurur. Sakinlər belə qeyri-müəyyənliyin səbəbləri ilə maraqlanır, lakin heç bir rəsmi açıqlama yoxdur.
Ticarət obyektlərinin taleyi necə olmalıdır?
Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, sahibkarlara, xırda tacirlərə bu cür müdaxilə yaxşı hal deyil.
Onun sözlərinə görə, keçid ticarəti dünyanın hər yerində mövcuddur:
“Biz həmişə özümüzü Avropa ilə müqayisə edirik. Amma Almaniya, Çexiya, Macarıstan, İtaliya, Ukrayna, Rusiyada keçid ticarəti populyardır. Yəni dünyanın hər yerində bu geniş yayılıb. Həm yerin altında, həm də üstündə təhlükəsizliyə riayət olunmalıdır, lakin dövlət bununla bağlı qaydalar müəyyən etməlidir. Tacirin mağazasını bağlamaq doğru deyil. Hansısa məmurların bir-biri ilə yola getməməsi və ya biri digərini əzmək məqsədilə belə addımlar atması doğru deyil”.
İqtisadçı bildirib ki, əgər keçidlərdə hər hansı təhlükəsizlik məsələləri varsa, onların aradan qaldırılmasına nail olmalıyıq:
“Xəbərdarlıq edilməli, yaxud sahibkara kömək edərək problem aradan qaldırmalıdır. Onları sıxmağı, obyektlərini bağlamağı düzgün hesab etmirəm. Bu şəxslər fəaliyyətlərini standartlara uyğun qurmasalar da, qaydalara əməl etməkləri üçün dəstək vermək lazımdır”.