EN

Peruda 3500 illik qədim şəhər

Perunun şimalındakı Barranka bölgəsində 3500 illik qədim şəhər aşkar edilib. “Penico” adlanan qəsəbənin Sakit okean sahillərində yaşayan icmaları And dağları və Amazon hövzəsindəki yerli icmalarla birləşdirən mühüm ticarət mərkəzi olduğu düşünülür. Paytaxt Limadan təxminən 200 kilometr şimalda və dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşən “Penico”nun eramızdan əvvəl 1800-1500-cü illər arasında qurulduğu təxmin edilir. Bu dövr Mesopotamiya, Misir, Hindistan və Çində ilk böyük sivilizasiyaların yaranması ilə üst-üstə düşür.

“Penico” Amerika qitəsində məlum olan ən qədim sivilizasiya olan Karaldan bir qədər aralıda yerləşir. Arxeoloqlar səkkiz illik qazıntı və araşdırmalardan sonra qədim şəhərdə 18 müxtəlif tikili aşkar ediblər. Qazıntılar zamanı gil heykəlciklər, insan və heyvan fiqurları, dəniz qabıqlarından hazırlanmış boyunbağı kimi mərasim əşyaları da tapılıb. Bu tapıntılar bölgənin təkcə ticarət mərkəzi deyil, həm də dini və mədəniyyət mərkəzi olduğunu göstərir.

1990-cı illərdə Karal şəhərinin qazıntılarına rəhbərlik edən və eyni zamanda “Penico” araşdırmasını aparan Rut Şadi, bu kəşfin Karal sivilizasiyasının dağılmasından sonra cəmiyyətin hara köç etdiyini anlamaqda əhəmiyyətli olduğunu bildirib. Şadi həmçinin bildirib ki, “Peniko” sahil, dağ və meşə icmaları ilə ticarət üçün strateji bir yerdədir.

Chosen
14
35
vaxt.az

10Sources