EN

Bəlkə polissiz maşın sürməyə də vərdiş edək? - FOTO

Bu foto şənbə günü axşam saatlarında Şəhidlər xiyabanının qarşısında çəkilib.

Yoldan gündəlik istifadə edən şəxs kimi bilirəm ki, burada iş günlərində günortadan sonra hərəkəti DYP əməkdaşı tənzimləyir.

Obyektivlik naminə deyək ki, bu tənzimləmə kifayət qədər yüngülləşmə yaradır. 

Lakin şənbə, bazar günləri və qeyri-iş günlərində ərazidə DYP xidmət aparmır. Bu da başadüşüləndir: polis əməkdaşlarının da istirahət hüququ və vaxtı var, həm də hərəkət intensivliyi azır. Artıq məktəblər də bağlanıb, şəhərdə kollaps səviyyəsinə çatacaq tıxac yoxdur. 

Nə qədər paradoksl olsa da, hərəkətin azaldığı vaxtda polis nəzərini bu dairədən çəkən kimi maşınlar bir-birinə girir. Səbəb kiminsə 1 metr qabağa düşmək niyyətidir. Parlament prospektindən gələrək geri qayıtmaq istəyənlərin vəziyyəti isə ümumiyyətlə müşkülə çevrilir.

Halbuki, ərazidə müvafiq nişanlar və xətlər də var. Bəs çatışmayan nədir: qarşılıqlı hörmət.
Ötən həftəsonu dairədə gözümün qabağında 2 avtomobil bir-birinə toxundu və 3 qadın avtomobillərdən düşərək yolun ortasında mübahisəyə girişdi.

Nəticədə bütün hərəkət iflic oldu. Əslində ortada hansısa qəza və xəsarət də yox idi. Lakin məsələnin həlli üçün polisin gəlməsi lazım oldu. Polis tərəfləri maşına mindirib yola saldı və 10-15 dəqiqəyə hərəkəti normallaşdırdı. 

Sözümün canı budur ki, bir çox sürücü hələ də hərəkət qaydalarını bilmək və öyrənmək istəmir. Çoxları düşünür ki, Şimali Koreya, Vyetnam və digər ölkələrdəki kimi hər tində bir polis nəfəri hərəkəti tənzimləməlidir.

Yaxud, Hindistan və Afrikadakı kimi polis qayda pozanları döyməlidir. 
İstənilən hava şəraitində yol hərəkətinin tənzimlənməsi DYP əməkdaşının birbaşa vəzifəsidir və bu heç kimdə şübhə doğurmur.

Lakin işin insani tərəfinə də baxaq: nə üçün XXI əsrdə polis əməkdaşı 50 dərəcəni keçən asfaltın üstündə dayanaraq kimlərisə yönləndirməlidir? Niyə sürücü yol işarəsinə məhəl qoymayaraq polis jezlini arzulamalıdır? 

Ən əsası isə, DYP əməkdaşlarının hər tində dayanaraq hərəkəti tənzimləməsi müasir dövrdə insan resurslarından səmərəsiz istifadə kimi başa düşülür. Texniki vasitələr olan yerdə əlavə olaraq canlı qüvvədən istifadəyə nə ehtiyac var?

Tam əminliklə deyə bilərəm ki, sürücülər bir-birinə qarşılıqlı hörmət etsələr Şəhidlər xiyabanı qarşısında ciddi tıxac olmaz. Yayın istisində, qışın soyuğunda heç kimin hərəkəti əllə tənzimləməsinə ehtiyac da qalmaz.

Vüqar

FOTO QALEREYA
Chosen
88
1
avtosfer.az

2Sources