Yayılan məlumatlara görə, Ermənistan parlamentindəki müxalif “Ermənistan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan bu dəqiqələrdə Ermənistan İstintaq Komitəsində dindirilməkdədir. Məlumata əsasən, bu istintaq daha əvvəl açılmış cinayət işi çərçivəsində aparılır.
Musavat.com xəbər verir ki, əldə edilən xəbərlərə görə, Ohanyana artıq rəsmi şəkildə ittiham da irəli sürülüb. Təfərrüatlar hələ açıqlanmasa da, prosesin onun 2010–2015-ci illərdə müdafiə naziri olduğu dövrdə dövlət əmlakı ilə bağlı sui-istifadə halları ilə əlaqələndirildiyi bildirilir.
Bununla belə, Azərbaycan üçün Seyran Ohanyan təkcə korrupsioner məmur deyil, həm də hər iki Qarabağ müharibəsində əli günahsız insanların qanına bulaşmış bir savaş canisidir. Ohanyanın adı xüsusilə Xocalı soyqırımından sonra işğal altındakı torpaqlarda erməni qoşunlarının həyata keçirdiyi insanlığa qarşı cinayətlərin təşkili və davam etdirilməsində hallanır.
İrəvanda baş verən bu istintaq prosesi onun keçmiş hərbi və siyasi fəaliyyətinin tam hüquqi qiymət alacağı anlamına gəlməsə də, heç şübhəsiz, tarix qarşısında artıq çoxdan məhkum olunmuş bir cinayətkarın sonuna doğru daha bir addımdır.
Musavat.com