Məlum olduğu kimi, bu günlərdə Ermənistan parlamenti “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanı deputat toxunulmazlığından məhrum edib. Onun deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı vəsatəti qanunverici orqana baş prokuror Anna Vardapetyan təqdim edib.
Gizli səsvermə keçirilib və 107 deputatdan 59-u toxunulmazlıqdan məhrum etmənin lehinə səs verib, əleyhinə səs verən olmayıb.
Ohanyan özü daha əvvəl bu işi şou adlandırmış və reabilitasiya mərkəzində müalicə aldığı üçün müzakirədə iştirak etməmişdi.
Gizli səsvermə nəticəsində 59 lehinə, 0 əleyhinə səslə parlament “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanı da deputat toxunulmazlığından məhrum edib. “Hayastan” fraksiyasının katibi keçmiş müdafiə naziri Seyran Ohanyanın işi üzrə ittiham olunur. O cümlədən o, qanunsuz əmlakı - Draxtik kəndində, Sevan Milli Parkının ərazisində yerləşən malikanəni leqallaşdırmaqda ittiham edilir. İstintaqın məlumatına görə, malikanə Ohanyana məxsusdur. Prokurorluğun versiyasına görə, 2016-2018-ci illərdə təbiəti mühafizə naziri vəzifəsində çalışmış Minasyan qanunsuz tikinti barədə məlumat verməli idi, lakin bunu etməyib. Nəticədə prokurorluq əlavə çətinliklərlə üzləşib: malikanə nəinki leqallaşdırılıb, həm də onun sonradan ictimai istifadəyə verilməsini nəzərdə tutan investisiya proqramına daxil edilib. Ohanyan müdafiə naziri işlədiyi 2010-2015-ci illərdə Geqarkunik rayonunun Draxtik icmasında 10,5 min kvadratmetr ərazini qanunsuz olaraq mənimsəməkdə ittiham olunur. İkinci vəsatətdə prokurorluq bildirir ki, Artsvik Minasyan ətraf mühitin mühafizəsi naziri olarkən öz xidməti vəzifələrini yerinə yetirməyib və Seyran Ohanyana aid edilən qanunsuzluqları gizlədib, bununla da dövlətə xeyli miqdarda ziyan vurub. Artsvik Minasyan özü isə bildirib: “Siz heç bir hüquqi normaya istinad edə bilməzsiniz ki, mən bir nazir kimi rəsmi maraqlara zidd hərəkət etmişəm. Mənim səlahiyyətlərim ərzində heç bir qanunsuz tikinti olmayıb”.
Baş prokurora qarşı çıxan müxalifətçi deputat çıxışında bunun sadəcə olaraq siyasi opponentləri susdurmaq cəhdi olduğunu vurğulayıb: “Təhqirin nə olduğunu bilirsinizmi? Mən 30 ildən artıq dövlət qulluğunda olduğum üçün heç vaxt bu qədər aşağı səviyyəli hüquqi təfəkkürlə bu cür aşağı səviyyəli ittihamla rastlaşmamışam. Siz mənə deyirsiniz: “Siz cinayət niyyətinizi hüquqi nəticələrə çatdırmaq üçün xüsusi olaraq o əməli törətmisiniz”. Yaxşı, bu məntiqsiz nəticəni haradan almısınız? Qanundan bu dərəcədə sui-istifadə etmək hüququnu sizə kim verib? Bu üslubda və bu keyfiyyətdə irəli sürülən ittihamla mənim nüfuzuma təsir edə bilməzsiniz”. Qeyd edək ki, Artsvik Minasyan, Seyran Ohanyanla yanaşı, “Qarabağ klanı”nın bir sıra üzvləri, o cümlədən sabiq prezidentlər Serj Sarkisyan, Robert Köçəryan barəsində də cinayət işləri başlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan keşişlərdən gələn təhlükəni də aradan qaldırmaq üşün hərəkətə keçib. O bəyan edib ki, Eçmiadzin Kilsəsi II Qaregin kimi antixristian, əxlaqsız, antimilli və antidövlət qrupu tərəfindən ələ keçirilib. Paşinyanın sözlərinə görə, o, Erməni Apostol Kilsəsinin azad edilməsinə şəxsən rəhbərlik etmək niyyətindədir. Artıq bəzi din xadimlərinin və Rusiyaya bağlı iş adamı Samvel Karapetyanın həbsi Paşinyanın gələn il keçirləcək parlament seçkiləri ərəfəsində əsas rəqiblərini inzibati yolla sıradan çıxardığını göstərir. İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi “Daşnaksütyun” Partiyası rəhbərliyinin nümayəndəsi İqor Sarkisyanın iki ay müddətinə həbsi barədə qərar qəbul edib. İndilikdə baş nazir hüquq-mühafizə təzyiqlərini davam etdirir, Apostol Kilsəsinə qarşı fəaliyyəti gücləndirir. Hökumət başçısının fikrinə görə, bir neçə din xadiminin həbsi Qareginə təsir edəcək və o, könüllü olaraq postunu təhvil verəcək. Artıq arxiyepiskop Mikael Acapaxyan və Baqrat Qalstanyan həbs olunub. Amma hadisələrin gedişatı göstərir ki, II Qaregin heç də istefa vermək niyyətində deyil. O, bir sıra katalikoslara müraciət edib, dəstək istəyib. Artıq kilsə digər qüvvələrlə Paşinyana qarşı birləşib. Bu, baş nazirin daha da qıcıqlanmasına səbəb olub. Hakim partiya və baş nazir isə əks-həmlə ilə kilsədə parçalanma yaradır, bu və ya digər səbəbdən katalikosdan incimiş din xadimlərini öz ətrafında birləşdirir. Artıq bir vaxtlar müxtəlif səbəblərə görə rütbəsi əlindən alınan bir neçə din xadimi tapılıb. Hazırda bu şəxslər katalikosu və yüksək rütbəli din xadimlərini gözdən salmaq üçün müxtəlif media orqanlarında, xüsusən də dövlət nəzarətində olan qurumlarda açıqlamalar verir. Paralel olaraq da kilsə daxilində katalikosa gizli nifrət bəsləyənlərin tapılması üçün göstəriş verilib. Bununla da daxili nifaq salmaq, Eçmiəzdini daxildən parçalamaq niyyəti güdülür. Paşinyan hakimiyyətdə qalmaq üçün potensial bütün rəqibləri sıradan çıxarır. Müxalifət düşərgəsində siyasi qüvvələr zəif olduğundan kilsənin başladığı etiraz aksiyasını güc yolu ilə susdurmağa çalışır.
Ramil QULİYEV