EN

Deputat: Əbu-Dabi görüşü sülhə gedən yolda önəmli addım hesab edilir

BAKI, 11 iyul. TELEQRAF

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş sülh müstəvisində irəliyə doğru atılan mühüm addımdır. İkitərəfli formatda baş tutan bu görüşün əhəmiyyəti böyükdür. Bu artıq tərəflərin heç bir vasitəçi olmadan məsələlərin qarşılıqlı olaraq müzakirəsinin mümkünlüyünü nümayiş etdirir. Azərbaycan tərəfinin təşəbbüsü və təklifi ilə baş tutan birbaşa görüşlərin müsbət nəciləri də mövcuddur. Sərhədlərin delimitasiyası istiqamətində əldə edilən nəticələr, sülh mətni üzərində əldə olunan razılaşmanı buna misal göstəmək olar.

Bu sözləri Teleqraf-a Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərinin seçilməsi də heç də təsadüfi deyil: “BƏƏ Azərbaycan və Ermənistanla normal münasibətlərə malik ölkədir. Əbu-Dabi iki ölkə arasında baş verənlərlə bağlı hər zaman neytral mövqedən çıxış edib. Azərbaycanın görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərini seçməsinin də ən mühüm cəhətlərindən biri məhz bu amildir. BƏƏ Azərbaycanla Ermənistan liderləri arasında baş tutan görüşdə tərəf kimi çıxış etməyib. Bu ölkə özünün dostluq və tərəfdaşlıq mövqeyinə əsaslanaraq sadəcə, görüş üçün şəraiti və mühiti təmin edib”.

Komissiya sədri artıq Azərbaycanla Ermənistan arasında vasitəçiyə ehtiyacın olmadığını söyləyib: “Qarşılıqlı olaraq bir çox məsələlərin həll olunması ən optimal variant hesab edilir. Bu amil sülh müqaviləsinə gedən yolda önəmli addım hesab edilir. Liderlərin görüşündə əldə edilən razılıq fonunda sərhədlərin delimitasiyası prosesi ilə bağlı əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar verilib. Kommunikasiya xətlərinin açılması və dövlətlərarası münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilən razılaşma da bu xüsusda qeyd olunmalıdır”.

Sevinc Hüseynova hesab edir ki, Əbu-Dabi görüşündə əldə edilən razılaşmalar sülh quruculuğu prosesində müsbət addımdır: “Bu günə qədər Azərbaycanla Ermənistan arasında sülh danışıqları fərqli platformalarda aparılıb. Tərəflər daha çox ABŞ, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə müzakirələr apara bilib. Bu da prosesdə üçüncü tərəfin iştirakını və onun da öz maraqlarını ifadə etməsi baxımından təsirli idi. Əbu-Dabidə isə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar məhz ikitərəfli formatın daha uğurlu, effektiv olduğunu bir daha nümayiş etdirdi. Əminlik var ki, ikitərəfli formatda aparılacaq danışıqlar qalıcı sülh təmin olana qədər davam edəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgədə qalıcı və etibarlı sülhün əsas təşəbbüskarıdır. Bunun üçün regionda bütün fundamental məsələlər həll olunmalı və bölgədə sülh müstəvisində əməkdaşlıqlıq və qarşılıqlı əlaqələr formalaşmalıdır. Azərbaycan dövlətinin mövqeyi məhz bu reallığı ehtiva edir”.

Chosen
14
31
teleqraf.com

10Sources