ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerikalı kardioloq Dr. Uilyam Uilson illərlə xəstələrini infarkt riskinə qarşı xəbərdar edən mütəxəssis idi. Lakin 2018-ci ildə özü infarkt keçirdikdə bu həyati vəziyyəti əvvəlcə tanımaqda çətinlik çəkdi.
Sherg.az xəbər verir ki, Sağlam həyat tərzinə, müntəzəm idmana və peşəkar biliklərinə baxmayaraq yaşadığı bu təcrübə bir çox insan üçün xəbərdarlıq xarakteri daşıyır.
Səhər idmanı zamanı qəribə narahatlıq
"Daily Mail"in xəbərinə görə, 63 yaşında həyat yoldaşı ilə səhər idmanına çıxan Dr. Uilson əvvəlcə özünü yaxşı hiss etdiyini, lakin bir müddət sonra qeyri-adi narahatlıq yaşamağa başladığını bildirib.
“Sinəmdə kəskin ağrı yox idi. Bu daha çox sıxıcı, narahatedici bir hiss idi”, – deyən Uilson, simptomlarının tipik infarkt əlamətlərindən fərqli olduğunu söyləyib.
Az bilinən əlamətlər
Dr. Uilson qəfil tərləmə, yüngül təzyiq hissi, tez-tez sidiyə getmə ehtiyacı və izah olunmaz “fəlakət hissi” yaşadığını qeyd edib. Bu əlamətlər cəmiyyətdə geniş tanınmasa da, infarkt zamanı ortaya çıxa bilər. Xüsusilə sidiyə tez-tez çıxmaq ehtiyacı infarkt zamanı aktivləşən sinir sistemindən qaynaqlanır.
"İdman etdiyimə görə normadan artıq tərləmişdim. Həmçinin tualetə getmək ehtiyacı hiss edirdim. Bunlar mənim üçün xəbərdarlıq siqnalı olmalı idi, lakin inkar halında idim", – deyə əlavə edib.

Həkim olmasına baxmayaraq yaşadığı vəziyyətin ciddiliyini əvvəlcə qəbul etməyən Uilson, “Bu mənim başıma gələ bilməz” düşüncəsi ilə təxminən 10 dəqiqə infarkt keçirdiyini inkar etdiyini bildirib.
Həyat yoldaşının reaksiyası həyatını xilas etdi
Hamamdan çıxan Dr. Uilson nəhayət həyat yoldaşına vəziyyətini danışıb. Həyat yoldaşının təcili yardımı çağıraraq onu sürətlə xəstəxanaya çatdırması onun sağ qalmasında həlledici rol oynayıb.
“İnfarktın müalicəsində əsas amil mümkün qədər tez xəstəxanaya çatmaqdır. Qalanını isə peşəkar həkim komandası həll edir”, – deyən Dr. Uilson vaxtında müdaxilə sayəsində şanslı olduğunu bildirib.
İngiltərə və ABŞ-da rəqəmlər narahatedicidir
İngiltərə Ürək Fondunun məlumatına görə, bu ölkədə hər gün təxminən 270 nəfər infarkt səbəbilə xəstəxanaya aparılır. Ölkədə hər il təxminən 175 min insan ürək-damar xəstəliklərindən vəfat edir ki, bu da gündə 480 ölüm deməkdir.
ABŞ-də isə hər 40 saniyədə bir nəfər infarkt keçirir. Bu da ildə təxminən 800 min hadisə deməkdir. Ürək xəstəlikləri ABŞ-də ildə 700 mindən çox insanın ölümünə səbəb olur və başlıca ölüm səbəbi olaraq qalır.
Mütəxəssislər, infarkt hallarının xüsusilə gənc yaş qruplarında artdığına diqqət çəkir. Bu artımda piylənmə, siqaret və alkoqol istifadəsi əsas risk amilləri kimi göstərilir.

İnfarkt əlamətlərinə diqqət!
İnfarktın əsas əlamətləri arasında bunlar yer alır:
Sinə ağrısı və ya təzyiq hissi
Tərləmə
Tənəffüsdə çətinlik
Başgicəllənmə
Ürəkbulanma və ya qusma
Qəfil narahatlıq hissi (panik ataqa bənzər)
Tez-tez sidiyə çıxma
Halsızlıq və ya zəiflik
İnfarktdan şübhələnən şəxslərin dərhal təcili yardım nömrələrini yığması həyati əhəmiyyət daşıyır. Təcili yardım gözlənərkən aspirin qəbul etmək, ürəyə qan axınını artıraraq sağ qalma şansını yüksəldə bilər.
Dr. Uilsonun yaşadığı təcrübə göstərdi ki, yalnız tibbi bilik deyil, eyni zamanda sürətli reaksiya və erkən müdaxilə də infarktdan xilas olmaq üçün həlledici rol oynayır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.