EN

Vitse-spiker: “İlham Əliyevin Ermənistan nümayəndə heyətinə uzatdığı əl...”

“Əbu-Dabidə cənab Prezidentimiz İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş sülhün qurulması və münasibətlərin normallaşdırılması istiqamətində tarixi addımdır”.

Musavat.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin vitse-spikeri Musa Qasımlı səsləndirib.

MUSA

“Danışıqlarda aşağıdakı məsələlər işlərin davam etdiyini göstərir:

1. Görüşün vasitəçisiz keçirilməsi böyük çətinlikləri aşmaq olduğundan tarixi hadisədir. O deməkdir ki, tərəflər üz-üzə oturub problemləri müzakirə etməyi bacarırlar. Vasitəçi həmişə özünün marağını güdür, problemi tam həll etmir, regionda qalmaq və ya regiona gəlmək üçün vasitəçiliyindən bir alət kimi istifadə edir. Bunun acı təcrübəsi bəllidir.

2. Danışıqlar başlanmamışdan əvvəl cənab Prezidentimiz İlham Əliyevin Ermənistan nümayəndə heyətinə uzatdığı əl həm böyüklüyünün, həm də həqiqi sülh qurmaq istədiyinin göstəricisidir. Bunun ardınca Ermənistan tərəfinin də eyni davranışı etməsi münasibətləri normallaşdırmaq istəyini və səylərini göstərir.

3. Danışıqların 5 saat sürməsi müsbət haldır. Diplomatiya tarixində danışıqların uzun sürməsi, fasilə götürülməsi və yenidən başlanması, nümayəndə heyətləri ilə geniş tərkibdə davam etdirilməsi işlərin yaxşı getdiyini, icra edənlərə konkret tapşırıqların verildiyini göstərir.

4. Danışıqlardan sonra nümayəndə heyətlərinin bir-birinə münasibəti də qarşılıqlı anlaşmanı göstərir. Hər şey tərəflərin qətiyyətindən asılıdır. Azərbaycan normallaşmanı və sülhü istəyir. Ermənistan necə? Bunu zaman göstərəcək.

Amma iki ölkə arasında sülhə və normallaşmaya aşağıdakı bir sıra təhdidlər qalır:

Münaqişə törədib qanlar üzərində regionda varlığını qorumuş və indi də çıxmaq istəməyən əsasən aşağıdakı vasitələrlə sülhə və normallaşmaya mane olacaqdır: Ermənistan Baş nazirinə qarşı sui-qəsd, terror aktı törədilə bilər; Ermənistanı daxildən qarışdıra bilərlər; revanşistləri radikal hərəkətlərə sövq edə bilərlər; dövlət çevrilişi və qiyam cəhdləri edilə bilər; Eçmiadzindəki erməni kilsəsi həmişə SSRİ DTK-nın nəzarətində olduğundan din adamlarından istifadə edilə bilər. Artıq keçmiş sistem mövcud olmasa da, kilsə xadimlərinin bundan əvvəlki hərəkətlərinin kökü bu bağlılıqdadır; Ermənistana qarşı ticarət- iqtisadi, siyasi-diplomatik və hərbi təzyiqlər ola bilər; qanlı təxribatlar törədilə bilər; hakimiyyətə qarşı kəskin informasiya savaşına başlanıla bilər və s.

Bəzi ölkələrdən ərazisi baxımdan kiçik, əhalisinin sayının az olmasına baxmayaraq, Azərbaycanın cənab Prezidentimiz tərəfindən Böyük edilməsi bədxahların gözünə zəhərli ox kimi batır. Bütün təzyiqləri rədd edən Azərbaycan yoluna inamla davam edir.

Təyyarəmizin vurulmasının, azərbaycanlılara qarşı törədilən hərəkətlərin, bir neçə kənd təsərrüfatı şirkətimizə qarşı tətbiq edilən qadağaların, Kiyevdə səfirliyimizin yaxınlığının bombalanmasının səbəblərini və s. həm də bunda axtarmaq düzgün olmazdımı?”, - deputat qeyd edib.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
15
2
musavat.com

3Sources