EN

Əbu-Dabi sıçrayışı - Böyük sülhə daha neçə zirvə qaldı?

Liderlərin görüşünü Vaşinqton, Brüssel və Moskva alqışladı; tərəflər arasında yaxınlaşma, doğrudanmı, Rusiyanı qane edir? - rəy

Azərbaycan və Ermənistan liderlərinin 5 saatlıq Əbu-Dabi görüşü qlobal siyasi gündəminin əsas mövzularından biri olaraq qalır. Xəbər verildiyi kimi, həm rəsmi Bakı, həm də rəsmi İrəvan görüşü eyni dərəcədə çox konstruktiv kimi qiymətləndirib. Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substantiv müzakirələr aparılıb. Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi və mühüm razılıq əldə edilib. İndi ən çox səslənən sual proseslərin bundan sonra hansı səmtdə davam edə biləcəyi ilə bağlıdır.

Bu arada Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi variantına münasibət bildirib. Nazir müavini deyib ki, bu variant Ermənistanın bəyan etdiyi prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər.

Azərbaycanla

ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus isə bildirib ki, rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasını dəstəkləyir. O bu fikri mətbuat konfransı zamanı azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidovun Əbu-Dabidə baş tutan Azərbaycan və Ermənistan liderlərinin görüşünə dair sualını cavablandırarkən səsləndirib. “Birləşmiş Ştatlar Cənubi Qafqazda sabitlik və sülh istiqamətində atılan addımları müsbət qiymətləndirir. Hazırda mediada yayılan xəbərləri izləyirik, lakin əlavə məlumatımız yoxdur”,-deyə o vurğulayıb.

Temmi Bryus həmçinin ABŞ rəhbərliyinin bu məsələyə baxışını da diqqətə çatdırıb: “Prezident Tramp və dövlət katibi Marko Rubionun açıqlamaları göstərir ki, hazırkı administrasiya regional sülhün bərqərar olmasına ciddi önəm verir. Prezidentin Nazirlər Kabinetində səsləndirdiyi fikirlər də bu yanaşmanı təsdiqləyir”.

Avropa Birliyi də bu görüşü dəstəkləyib. Brüssel sülh sazişinin tezliklə imzalanmasını arzulayıb. Rusiyanın mövqeyinə gəlincə, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu alqışlayır. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması regiona sabitlik gətirməyə kömək edəcək. “Moskva bu prosesi dəstəkləyir”, - Kreml rəsmisi vurğulayıb.

Tərəflər arasında yaxınlaşma doğrudanmı Rusiyanı qane edir? Moskvanın regionla bağlı bundan sonrakı addımları nə ola bilər? Ermənistanda Rusiyaya bağlı “5-ci kolon”, radikal-revanşist müxalifət və kilsə daha da fəallaşa bilərmi?

Xatırladaq ki, təxminən 26 il öncə (1999) Bakı və İrəvan arasında hansısa sülh anlaşması imzalamaq ərəfəsində Ermənistan parlamentində gülləboran aktı həyata keçrilmiş, terror aktı zamanı spiker də daxil, 8 nəfər qətlə yetirilmişdi. Bununla da prosesə son qoyulmuşdu.

Bu mənada Əbu-Dabi müzakirələri nə dərəcədə Paşinyanın əlini gücləndirəcək? Bəs cənub qonşumuz İran danışıqların yekunundan razıdırmı? Ən əsası böyük sülh sazişinədək daha neçə zirvə qaldı?

Yeri gəlmişkən, Ermənistanın “Hraparak” nəşri isə yazıb ki, Zəngəzur dəhlizinə xarici şirkətin nəzarətini təmin edəcək sənəd və sülh müqaviləsi dekabrda imzalanacaq. Nəşrin iddiasına görə, Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri, xüsusən də müxalifət partiyası üzvlərinin həbsi də məhz buna yönəlib.

Abutalıb

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülhə mane olacaq yalnız bir məsələ qalmışdı: “Konstitusiyada dəyişiklik etmək və Müstəqillik bəyannaməsinə istinadı oradan çıxarmaq. Ermənistan da bunu edə bilməyəcəyini, bu addımın yalnız 2026-cı ilin parlament seçkilərindən sonra atıla biləcəyini bəyan eləmişdi. Və bu şəraitdə Əbu-Dabi görüşü keçirildi. Saatlarla davam eləyən çox ciddi müzakirələrin aparıldığı bir görüş oldu. Əgər hazırda Konstitusiya dəyişdirilə bilmirs, bu qədər uzun zaman çəkən görüşdə nədən danışıla bilər?! Deməli, Ermənistan daha inandırıcı arqumentlər ortaya qoymalıdır ki, müzakirələrin aparılmasına və sülh sazişinin imzalanmasına yaxınlaşmaq mümkün olsun. Bu şəraitdə yalnız ABŞ-ın, ola bilər ki, digər böyük dövlətlərin verə biləcəyi təminatlar ortaya çıxa bilər. Gələcəkdə Ermənistan hakimiyyətinin dəyişməsi halında sülh sazişinin şübhə altına alınmaması üçün həm Ermənistan hökumətinin Azərbaycanı inandıra biləcək arqumentlər ortaya qoymasına, həm də ABŞ-ın və digər iri dövlətlərin qarant kimi çıxış edərək bu sazişin şübhə altına alınmayacağına təminat verəcəkləri halda sülh sazişi üzərində iş davam etdirilə bilər”.

Danışıqlar

A.Səmədov qeyd etdi ki, bu prosesdə Türkiyə də həlledici rol oynayan iki dövlətdən biridir: “Çox güman ki, ABŞ və Türkiyə prosesin davam etdirilməsində maraqlı qüvvələr kimi çıxış ediblər. Ərdoğanla bu yaxınlarda Ankarada Paşinyanın görüşü və sonradan ABŞ dövlət katibinin kabinetin iclasında səsləndirdiyi bəyanat göstərir ki, hər iki dövlət sülh sazişinin imzalanmasında kifayət qədər maraqlıdır. Güman edirəm ki, bu müzakirələr yaxın vaxtlarda sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Tamamilə mümkündür ki, imzalanma mərasimi də elə Vaşinqtonda Ağ Evdə Trampın iştirakı ilə keçirilsin. Çünki Tramp bu cür imzalanma mərasimlərində iştirak etməyi çox sevir. Yaxın günlərdə iki Afrika dövləti arasında sülh razılaşmasının imzalanmasında həvəslə iştirak etdi”.

Rusiyaya gəlincə, A.Səmədovun bu məsələdə optimist deyil: “Baxmayaraq ki, Rusiya dərhal Əbu-Dabi görüşünü müsbət qarşıladığını bəyan etdi, əslində gedişat Moskvanı qane etmir. Rusiya oyundankənar vəziyyətdə qaldığına görə narazıdır. Ona görə də Rusiya Ermənistanda vəziyyəti qarışdırmağa cəhd göstərəcək. Nəyəsə nail ola bilərmi? Güman etmirəm ki, aranı qarışdırmaqla nəyəsə nail ola bilsinlər. Paşinyan kifayət qədər qətiyyətli mövqe tutub, arxasında Qərb dayanır və ən əsası güc strukturlarına güvənir və güc strukturları da tələb olunan məqamda tərəddüd nümayiş etdirmir. Ancaq hər bir halda Rusiya cəhdlərindən əl çəkməyəcək. Parlament seçkilərinə qədər və parlament seçkilərində mübarizəni bir az da gücləndirərək, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstəriləcək. Ola bilsin ki, bu müddətdə ortaya yeni bir siyasi qüvvə çıxsın.

Yaxud ortada olan qüvvələr birləşsinlər və yeni lider irəli sürsünlər. Çox müxtəlif variantlar var və Rusiya bu variantları götür-qoy edib qələbəyə nail olmağa çalışacaq. 26 il öncə olduğu kimi parlamentdəki qırğın təkrarlana bilərmi? Ehtimal azdır. Çünki bu gün Ermənistan 1999-cu ilin Ermənistanından kəskin şəkildə fərqlənir. Üstəlik təcrübə ciddi amildir, artıq o təcrübəni Ermənistan yaşayıb və bir də onun təkrarlanmaması üçün əllərindən gələni edəcək".

Ekspertin sözlərinə görə, İran yəqin ki, Əbu-Dabi danışıqlarından tam razı olmayacaq: “İran bir tərəfdən sülh sazişinin imzalanmasını istəyir. Çünki bu, bölgədə gərginliyin götürülməsinə xidmət edəcək. Digər tərəfdən bu prosesdə ABŞ-ın və Türkiyənin həlledici rol oynaması İranı qane etmir. Lakin Rusiya ilə müqayisədə İran bu məsələdə daha barışdırıcı mövqe tutacaq”.

A.Səmədov hesab edir ki, yaxın günlərdə sülh sazişinin imzalanması istiqamətində müzakirələrin keçirilməsi istisna olunmur: “Düşünürəm ki, daha bir görüş sülh sazişinin imzalanmasına gətirib çıxara bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Chosen
29
50
musavat.com

10Sources