AZ

Əbu-Dabi görüşü sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılmasına münbit zəmin yaradır - RƏY

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüş yaxın perspektivdə sülh müqaviləsinin bağlanması, regionda kommunikasiya xətlərinin açılması və digər məsələlərlə bağlı razılığın əldə olunması üçün münbit zəmin formalaşdırır.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.

Ekspert qeyd edib ki, görüşün məhz ikitərəfli formatda keçirilməsi Azərbaycanın təklifidir və olduqca effektivdir:

“2023-cü ilin payızında Azərbaycan birmənalı olaraq danışıqların yalnız ikitərəfli formatda keçirilməsini təklif edib. Bizim mövqeyimiz ona əsaslanıb ki, üçüncü tərəfin vasitəçi kimi çıxış etməsi sülh prosesini irəli aparmır. Əksinə, vasitəçilər bölgədə sülhün əldə olunmasından daha çox, öz maraqlarını həyata keçirir və prosesə mane olurlar. Göründüyü kimi, Azərbaycanın ikitərəfli format təklifini Ermənistan qəbul edib və aparılan danışıqlar nəticəsində biz sülh prosesində müsbət dinamikanı müşahidə etmişik - sülh müqaviləsi layihəsi razılaşdırılıb, sərhədlərin delimitasiyasında irəliləyiş əldə olunub”.

Müsahib müsbət tendensiyalar fonunda yaxın dövrdə Zəngəzur dəhlizinin açılmasını və sülh müqaviləsinin imzalanmasını real gördüyünü və bunun üçün ciddi əsasların olduğunu da vurğulayıb:

“Çünki artıq Əbu-Dabi görüşündə də tərəflər sülh prosesinin vacib elementləri üzrə danışıqların davam etdirilməsi barədə razılaşıblar. Bu, ondan xəbər verir ki, Azərbaycan və Ermənistan yaxın müddətdə ciddi irəliləyişə nail olmaq fikrindədir. Ancaq hər halda nəticə prosesin gedişindən asılı olacaq, sonadək Ermənistan hakimiyyətinin hansı mövqeyi nümayiş etdirəcəyi önəmlidir. Çünki Azərbaycanın mövqeyi aydındır. Biz gözləyirik ki, Ermənistan da mövcud reallıqları və Azərbaycanın haqlı şərtlərini nəzərə alıb siyasi iradə nümayiş etdirsin. Son görüşdə bu istiqamətdə müəyyən işartılar müşahidə olundu. Yaxın gələcəkdə kommunikasiyalar üzrə razılaşma mümkündür”.

M.Məmmədli son olaraq onu da diqqətə çatdırıb ki, vaxtilə vasitəçilik etmiş tərəflər Əbu-Dabi görüşünü alqışlasalar da, reallıqda onlar bu formata pozitiv baxmırlar:

“İkitərəfli formatda görüşün keçirilməsini vaxtilə vasitəçilik etmiş tərəflərin maraqlarına ziddir, onlar istəyirlər bölgəyə nəzarət etsinlər, ancaq bilməlidirlər ki, artıq kənardadırlar və danışıqlar ikitərəfli formatda davam edəcək. Onlar Azərbaycan və Ermənistanın danışıqlarını alqışlasalar da, münasibətləri müsbət deyil və səmimi olduqlarını düşünmürəm, bunu medialarına nəzər salanda da görmək olur”.

Seçilən
2
1
report.az

10Mənbələr