EN

ABŞ Fordoya atom bombası atıb? - Nüvə alimi deyir ki...

İranlı deputatın sensasion bəyanatına beynəlxalq qurumların qəribə susqunluğu - iki rəy

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əbülfəzl Zöhrəvəndin sensasion bəyanatı beynəlxalq medianın və ekspert dairələrinin diqqətini çəkdi. Onun iddiasına görə, ABŞ İranın Fordo nüvə obyektinə qarşı adi silahlarla məhv edilməsi mümkün olmayan dərinlikdə yerləşən bu mərkəzə “taktiki nüvə silahı” tətbiq edib. Zöhrəvəndin sözlərinə görə, obyektin yerləşdiyi 60 metrlik möhkəm qayalıq ancaq bu səviyyədə dağıdıcı güclə zərərsizləşdirilə bilər və bu silahın tətbiqi geniş radiasiya yaymadan həyata keçirilib.

Əgər ABŞ həqiqətən bu addımı atıbsa, niyə beynəlxalq qurumlar susur?

Azərbaycanın tanınmış nüvə alimi Adil Qəribov “Yeni Müsavat”a deyib ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əbülfəzl Zöhrəvəndin ABŞ-ın guya Fordo nüvə obyektinə qarşı “taktiki nüvə silahı”ndan istifadə etdiyi ilə bağlı açıqlaması daha çox siyasi və emosional ritorika səviyyəsində dəyərləndirilməlidir: “Çünki bu günə qədər nə beynəlxalq müşahidə orqanları, nə də müstəqil seysmik və radioloji monitorinq mərkəzləri belə bir hadisənin baş verdiyini təsdiqləməyib. Əgər doğrudan da sözügedən əraziyə nüvə mənşəli, hətta aşağı güclü (taktiki) partlayıcı tətbiq olunmuş olsaydı, bunun birbaşa və dolayı radiasiya nəticələri çoxdan beynəlxalq müşahidə sistemləri tərəfindən qeydə alınardı. Taktiki nüvə silahları adətən 1-20 kiloton gücündə olur və lokal hədəflərin, əsasən möhkəmləndirilmiş hərbi obyektlərin zərərsizləşdirilməsi üçün nəzərdə tutulur. Amma istənilən halda nüvə mənşəli partlayışın radiasiya izi qalır. Bu isə nə qədər ”lokal" olsa belə, beynəlxalq müşahidədən yayınmır. Fordo nüvə obyekti 60-70 metr dərinlikdə yerləşən, möhkəm dağ süxurlarında inşa edilmiş bir mərkəzdir. Bu tip obyektləri dağıtmaq üçün ABŞ ordusunda “bunker buster” adlanan GBU-57A/B Massive Ordnance Penetrator (MOP) kimi konvensional silahlar mövcuddur. Bu bombalar nüvə deyil, amma dağıdıcı gücü nüvə partlayışı olmadan da istənilən infrastrukturu sıradan çıxara bilir".

Adil

Adil Qəribov

Nüvə alimi deyib ki, taktiki nüvə silahından istifadə zamanı əmələ gələn seysmik yerdəyişmə dalğaları adi zəlzələnin seysmik dalğalarından tezlik nöqteyi-nəzərindən tamamilə fərqlənir: “Dünyanın istənilən yerində nüvə sınaqları keçirildikdə bunu təsbit etmək  mümkündür. Beynəlxalq Atom Enerjisi Agentliyi və Nüvə Sınaqlarının Qadağan Edilməsi üzrə Müvəqqəti Katiblik belə bir partlayışı qeydə almaması mümkünsüz olardı. Amerika Fordonun vurulması üçün istənilən növ nüvə silahından istifadə etsəydi, yəqin ki, qonşu ölkələr, o cümlədən də İranın strateji tərəfdaşı olan Rusiya bunu çoxdan bilərdi. Rusiya bütün dünyaya car çəkərdi ki, ABŞ  taktiki silahdan istifadə etdi, biz də Ukraynaya qarşı istifadə etməliyik. Amerikanın istifadə etdiyi isə ikiqat partlayışa malik olan xüsusi bombadır. Bu nüvə silahı deyil, adi partlayıcı bombalardan istifadə olunub. O bombada partlayışın birinci və ikinci mərhələsi var. Həmin bombalarla 60 metrdən dərinə düşmək mümkündür. Belə bomba Amerika ilə yanaşı Rusiyada da var. Rusiya həmin bombanı yeni yaradıb, Çelyabinsk vilayətində ilk sınağı keçirilib. Birmənalı olaraq orada Amerika heç bir taktiki nüvə silahı istifadə etməyib”.

Nüvə alimi deyib ki, İran ABŞ-la qarşı duran ölkədir və bir-birlərinə istənilən sözü deyir, böhtandan istifadə edirlər".

Ramil

 Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, İran parlamentinin üzvü Əbülfəzl Zöhrəvəndin iddia etdiyi “adi silahla bu obyekt dağıdıla bilməz” fikri hərbi texnologiyaların müasir səviyyəsini nəzərə almadan verilmiş bir bəyanat təsiri bağışlayır: “İran daxilində bu cür bəyanatların verilməsi ilk növbədə daxili auditoriyaya hesablanmış siyasi mesajdır. Məqsəd, bir tərəfdən ABŞ-ın ”nüvə təcavüzkarı" obrazını yaratmaq, digər tərəfdən isə ölkə daxilində nüvə proqramına qarşı ehtimal edilən tənqidləri “xarici düşmənə müqavimət” ritorikası ilə neytrallaşdırmaqdır. Amma bu yanaşma elmi və texniki reallıqlarla üst-üstə düşmür. Əgər ABŞ həqiqətən də taktiki nüvə silahı tətbiq etmiş olsaydı, bu, təkcə BMT Təhlükəsizlik Şurasının deyil, eyni zamanda BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) və İAEA-nın radiasiya monitorinq sistemləri tərəfindən dərhal təsbit olunardı. Fordonun vurulmasından bu günə qədər heç bir nüvə radiasiyası qeydə alınmayıb. Seyismik anomaliya və ya partlayışa dair qlobal müşahidələrdə heç bir fərqlilik aşkarlanmayıb. İran hökuməti MAQATE-yə rəsmi şəkildə belə bir hadisə ilə bağlı müraciət etməyib. Bütün bunlar onu göstərir ki, Fordo obyektinə qarşı taktiki nüvə silahı tətbiqi iddiası elmi əsaslardan yox, siyasi ritorikadan doğur".

İranın Fordo obyektində istənilən partlayış, xüsusilə də nüvə mənşəli silahın tətbiqi, iki əsas beynəlxalq qurum MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) və CTBTO(Nüvə Sınaqlarının Qadağan Edilməsi üzrə Müvəqqəti Katiblik) tərəfindən mütləq qeydə alınmalı idi.

MAQATE nüvə obyektlərinin təhlükəsizliyi, nəzarəti və radiasiya sızmalarının monitorinqi ilə məşğuldur. Fordo isə MAQATE nəzarətində olan nüvə obyektidir. İndiyədək bu agentlikdən heç bir fövqəladə hal, radiasiya yayılması və ya dağıntı ilə bağlı məlumat daxil olmayıb.

CTBTO isə nüvə sınaqlarının qlobal monitorinqini həyata keçirir. Onun seysmik və radionuklid stansiyaları yeraltı, yerüstü və atmosferdə baş verən hər bir nüvə mənşəli partlayışı qeydə alır. Şimali Koreya və Hindistanın nüvə sınaqları bu sistemlər vasitəsilə dərhal aşkar olunmuşdu. Əgər Fordoda belə bir zərbə olsaydı, bu sistem mütləq həmin partlayışı seysmik dalğalar və radioaktiv izlər vasitəsilə qeydə alacaqdı. Amma bu günə qədər nə MAQATE, nə də CTBTO belə bir faktı təsdiqləyib.

ABŞ-ın nüvə zərbəsi vurması nə demək olardı?

Hərbi ekspert deyir ki, əgər Zöhrəvəndinin iddiası reallıq olsaydı, bu, ABŞ-ın BMT Nizamnaməsini və Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) açıq şəkildə pozması demək olardı: “BMT Nizamnaməsinin 2(4)-cü maddəsi üzv dövlətlərin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşı gücdən istifadə etməsini qadağan edir. ABŞ, bu halda, suveren bir dövlətə qarşı nüvə silahı tətbiq etmiş, yəni beynəlxalq hüquq çərçivəsində ”təcavüzkar dövlət" statusu almış olardı. Bu halda BMT Təhlükəsizlik Şurası və MAQATE dərhal toplanmalı, İranın şikayəti əsasında qətnamə və araşdırmalar başlatılmalı, ABŞ beynəlxalq sanksiyalar və diplomatik təzyiqlə qarşılaşmalı idi. Amma bu da baş vermədi. Çünki ehtimal ki, belə bir hücum ümumiyyətlə olmayıb. ABŞ-ın bu cür ciddi iddialarla üzləşməsi təəccüblü deyil. Çünki Vaşinqton daha əvvəl dəfələrlə BMT qətnamələrini saya salmadan, birtərəfli hərəkətlərə yol verib. 2003-cü ildə BMT-nin razılığı olmadan İraqı işğal etdi, sonradan məlum oldu ki, bəhanə olaraq göstərilən kütləvi qırğın silahları heç olmayıb. Hətta ABŞ rəsmiləri buna görə üzrxahlıq da etdilər. O zaman artıq İraq ABŞ hərbçiləri tərəfindən dağılmış, prezidenti Səddam Hüseyn isə asılmışdı. İsrail-Fələstin münaqişəsində onlarla BMT qətnaməsinə baxmayaraq, ABŞ İsrailə açıq şəkildə dəstək verməkdə davam edir.  2018-ci ildə səfirliyini Qüdsə köçürərək BMT-nin status qərarlarını birbaşa pozdu. Bu nümunələr göstərir ki, Vaşinqton öz maraqlarına uyğun gəlməyən beynəlxalq qərarları ya bloklayır, ya da sadəcə gözardı edir. Bu isə beynəlxalq hüquqa olan inamı zəiflədir və qlobal ədalət anlayışını dərin sual altında qoyur".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Chosen
5
musavat.com

1Sources