EN

Türkiyənin iki tarixi abidəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

Türkiyənin Manisa vilayətinin Salihli rayonunda yerləşən “Sardes” antik şəhəri və “Min Təpələr Lidya” abidələri UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlayıb.

Nazir dünyanın ilk metal pulunun ortaya çıxdığı bu ərazinin Lidya sivilizasiyasının paytaxtı olaraq artıq bütün bəşəriyyətin ortaq irsi kimi qeydə alındığını bildirib. O, Lidya mədəniyyətini təmsil edən bu bölgənin dünya səhnəsində öz yerini tutduğunu söyləyib.

“Türkiyənin mədəni sərvətləri “Türkiyə əsri” çərçivəsində bir-bir gün üzünə çıxmağa davam edəcək. Hər kəsi gecə muzeyçiliyi çərçivəsində ziyarətçiləri qəbul edən “Sardes” antik şəhərinin sehrli atmosferini kəşf etməyə dəvət edirəm”, -deyə Mehmet Nuri Ersoy bildirib.

Bununla bağlı nazirlikdən verilən məlumata görə, 2013-cü ildən bəri UNESCO-nun Dünya İrsinin İlkin Siyahısında yer alan bu arxeoloji sahə Ümumdünya İrs Komitəsinin Parisdə keçirilən 47-ci sessiyasında yekdilliklə daimi siyahıya salınıb.

UNESCO-nun 3 nömrəli meyarı əsasında siyahıya daxil edilən ərazi Anadolunun yerli mədəniyyəti olan Lidya sivilizasiyasına dair güclü arxeoloji və memarlıq sübutları ilə diqqət çəkir. Bölgədə aparılan tədqiqatlar çərçivəsində arxeoloji qazıntılarla yanaşı, multidisiplinar qoruma fəaliyyətləri və elmi işlər də milli və beynəlxalq əməkdaşlıqla davam etdirilir. Bu yeni qeydiyyatla Türkiyə UNESCO Dünya İrs Siyahısındakı mövqeyini daha da gücləndirərək Anadolunun zəngin tarixi qatlarını ümumbəşəri irs çətiri altına gətirməyə davam edir.

Chosen
28
2
azerbaijan-news.az

4Sources